İngiltərə millisinin və “Mançester Yunayted”in keçmiş ulduzu Devid Bekhem 2027-ci ildə keçiriləcək Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezident seçkilərində hazırkı rəhbər Canni İnfantinoya rəqib ola bilər. Avropa futbol dairələrində Bekhemin mümkün namizədliyi müzakirə olunur.
MSNews.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb. Nəşrin oktyabrın 16-da dərc etdiyi materialda UEFA və Avropa futbol federasiyalarının İnfantinoya alternativ namizəd axtardıqları bildirilir.
İngiltərəli keçmiş futbolçu hazırda ABŞ-nin “İnter Mayami” klubunun həmsahiblərindəndir. Onun peşəkar futbolçu karyerasından sonra klub idarəçiliyi və beynəlxalq idman layihələri sahəsində fəaliyyət göstərməsi mümkün namizədliklə bağlı müzakirələrdə diqqət çəkən amillərdəndir.
İnfantinoya alternativ namizəd axtarışlarında daha əvvəl “Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerin, Portuqaliya millisinin keçmiş futbolçusu Luis Fiqunun və iş qadını Mişel Kanqın adları da çəkilib.
“Sky Sports” telekanalının məlumatına görə, UEFA daxilində FİFA rəhbərliyinin dəyişdirilməsini istəyən qüvvələr olsa da, hələlik ümumi razılıq əldə olunmuş vahid namizəd müəyyənləşdirilməyib.
“Reuters” agentliyinin məlumatına əsasən, FİFA prezidentinin Dünya Çempionatının kommersiya hüquqları ilə bağlı planı İngiltərə və Almaniya futbol federasiyalarının ciddi etirazına səbəb olub. İnfantinonun üzrxahlığı da Avropadakı narazılığı tam aradan qaldırmayıb.
FİFA-nın seçki qaydalarına əsasən, prezidentliyə namizəd olmaq istəyən şəxs ən azı beş üzv milli futbol federasiyasının dəstəyini qazanmalıdır. Namizədlər üçün son müraciət tarixi 18 noyabr 2026-cı ildir.
Prezident seçkilərinin 18 mart 2027-ci ildə Mərakeşin paytaxtı Rabatda keçirilməsi nəzərdə tutulur.