DÇ-2026-nın 1/8 final mərhələsində İngiltərə gərgin keçən matçda Meksikanı məğlub edib.
MSNews.az xəbər verir ki, İngiltərə millisi Meksikanı 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Görüş Meksikanın paytaxtı Mexikoda yerləşən əfsanəvi “Azteka” stadionunda keçirilib. Matç güclü yağış və ildırım səbəbindən təxminən bir saat gec başlayıb.
İngiltərə oyuna daha yaxşı başlayıb və birinci hissədə iki qol vurub. Komandanın hər iki qoluna Cud Bellingem imza atıb. Yarımmüdafiəçi 36-cı və 38-ci dəqiqələrdə fərqlənərək İngiltərəni 2:0 hesabı ilə önə çıxarıb.
Meksika fasiləyə qədər hesab arasındakı fərqi azaltmağı bacarıb. 42-ci dəqiqədə Xulian Kinonyes fərqlənərək meydan sahiblərini oyuna qaytarıb. İlk hissə İngiltərənin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissədə İngiltərə üçün vəziyyət çətinləşib. 54-cü dəqiqədə Carrell Quansah rəqib futbolçu Xesus Qalyardoya qarşı sərt müdaxiləyə görə VAR yoxlamasından sonra qırmızı vərəqə alıb. Bununla da İngiltərə matçın qalan hissəsini azlıqda keçirməli olub.
Buna baxmayaraq, İngiltərə qısa müddət sonra üçüncü qolu vurub. 60-cı dəqiqədə Harri Keyn penaltini dəqiq yerinə yetirərək hesabı 3:1 edib. Bu qol qarşılaşmanın taleyində həlledici rol oynayıb.
Meksika təslim olmayıb və 69-cu dəqiqədə Raul Ximenes penaltidən fərqlənərək hesabı 3:2-yə çatdırıb. Bundan sonra meydan sahibləri təzyiqi artırsa da, İngiltərə müdafiəsi və qapıçı Cordan Pikford son dəqiqələrdə üstünlüyü qoruyub.
Beləliklə, İngiltərə dramatik oyunda Meksikanı məğlub edərək 1/4 finala yüksəlib. Meksika isə öz meydanında keçirilən mundialda 1/8 final mərhələsində mübarizəni dayandırıb.
İngiltərə 1/4 finalda Braziliyanı 2:1 hesabı ilə məğlub edən Norveçlə qarşılaşacaq.