İordan çayının işğal altındakı qərb sahilində maskalı israilli məskunlaşanlar Fransa, Belçika və Polşanın diplomatik nümayəndələrinin də iştirak etdiyi heyətə hücum ediblər. İnsident zamanı Fransanın 78 yaşlı şəhər meri fiziki zorakılığa məruz qalıb, Belçikaya məxsus diplomatik avtomobilə isə ziyan vurulub.
MSNews.az xəbər verir ki, hadisə oktyabrın 17-də Ramallah yaxınlığında, əsasən xristian fələstinlilərin yaşadığı Taybeh kəndində baş verib. “The Guardian” və “Sky News” telekanalının məlumatına görə, nümayəndə heyəti yerli fermerlərin zeytun yığımı prosesinə dəstək məqsədilə əraziyə səfər edib.
Heyətdə Belçikanın Qüdsdəki baş konsulu, Fransa və Polşa diplomatları, katolik din xadimləri, eləcə də Fransanın Olnua-Emeri şəhərinin meri Bernar Bodu iştirak ediblər.
Şahidlərin sözlərinə görə, metal dəyənəklərlə silahlanmış maskalı şəxslər nümayəndə heyətinə yaxınlaşaraq iştirakçıları hədələyiblər.
Fransalı mer Bernar Bodu hücum zamanı dəyənək və təpik zərbələrinə məruz qaldığını, daha sonra yerə yıxıldığını bildirib. Onun həyatı üçün təhlükə olmadığı açıqlanıb.
Belçikanın xarici işlər naziri Maksim Prevo hadisəni qətiyyətlə pisləyərək İsrail hakimiyyətini zorakılıq törədən şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırıb.
“Zorakılıq törədən məskunlaşanların cəzasızlığına son qoyulmalıdır”, – deyə nazir bildirib.
Prevo hadisəni İsrailin işğal olunmuş Fələstin ərazilərindəki məskunlaşma siyasəti ilə əlaqələndirərək Belçikanın Avropa İttifaqı səviyyəsində əlavə sanksiyaların tətbiqini dəstəkləyəcəyini açıqlayıb.
İsrail ordusu hadisəni ciddi zorakılıq aktı kimi qiymətləndirsə də, diplomatik nümayəndə heyətinin səfərinin əvvəlcədən ordu ilə razılaşdırılmadığını bildirib. İsrail polisi insidentlə bağlı araşdırmaya başlayıb.
Hadisə bölgədə fələstinli fermerlərə və jurnalistlərə qarşı zorakılığın artdığı bir dövrə təsadüf edir.
Oktyabrın 16-da “The Washington Post” qəzeti üçün çalışan amerikalı fotojurnalist Haydi Levin Əbu Fəlah kəndi yaxınlığında zeytun yığımını işıqlandırarkən israilli məskunlaşanların hücumuna məruz qalıb.
Jurnalist döyülərək ağır xəsarətlər alıb və Ramallahdakı xəstəxanaya yerləşdirilib. Hücum zamanı onun fotoaparatlarının və şəxsi əşyalarının da ələ keçirildiyi bildirilib.
İsrailin “Yesh Din” hüquq müdafiə təşkilatının məlumatına əsasən, sentyabrın 27-dən bəri İordan çayının qərb sahilində məskunlaşanlar tərəfindən ən azı 170 hücum qeydə alınıb.
Bölgədə gərginliyin artması İsraildə oktyabrın 27-nə təyin olunmuş parlament seçkiləri ərəfəsinə təsadüf edir. Baş nazir Benyamin Netanyahunun məskunlaşanlara qarşı zorakılıq iddialarına münasibəti də ölkə daxilində mübahisələr yaradıb.
Avropa ölkələri Taybeh hadisəsinin araşdırılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və diplomatik nümayəndələrin təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.