ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində respublikaçıların rəy sorğularındakı göstəricilərindən narazı qalıb. Ağ Ev rəhbəri seçki strategiyasının gözlənilən nəticələri verməməsinə görə yüksək vəzifəli köməkçilərini günahlandıraraq kampaniya xərclərini, namizəd seçimlərini və seçki dairələrinin yenidən bölünməsini tənqid edib.
MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi administrasiya daxilindəki müzakirələrdən məlumatlı üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp respublikaçıları dəstəkləyən “MAGA Inc.” siyasi fəaliyyət komitəsinin təxminən 200 milyon dollar xərcləməsinə baxmayaraq, partiyanın rəy sorğularında niyə irəliləyiş əldə etmədiyini sorğulayıb.
Prezidentin narazılığı əsasən uzunmüddətli siyasi müşaviri Ceyms Bler və Ağ Ev aparatının rəhbəri Syuzi Uayls ətrafında cəmləşib.
Agentliyin mənbələri bildiriblər ki, Tramp kampaniya vəsaitlərinin idarə edilməsinə görə Bleri tənqid edib. Administrasiyadakı bəzi rəsmilər isə seçki prosesinə nəzarətlə bağlı Uaylsın fəaliyyətini sual altına alıblar.
Gərginlik Ağ Ev daxilində qarşılıqlı ittihamlarla müşayiət olunur. Məlumata əsasən, Uayls yaranmış problemlərdə Bleri, Bler isə Ağ Evin qanunvericilik məsələləri ilə məşğul olan komandasını günahlandırıb.
“Əslində, hazırda baş verənlər qarşılıqlı ittihamlar müharibəsidir”, – deyə mənbələrdən biri administrasiya daxilindəki vəziyyəti təsvir edib.
Trampın narazılığına səbəb olan digər mühüm məsələ seçki dairələrinin sərhədlərinin yenidən müəyyənləşdirilməsidir.
Xüsusilə Texas ştatında respublikaçıların əlavə mandatlar qazanması məqsədilə həyata keçirilən dəyişikliklər gözlənilən üstünlüyü təmin etməyə bilər.
Seçki strategiyası 2024-cü ildə Trampı dəstəkləmiş ispandilli seçicilərin yenidən respublikaçı namizədlərə səs verməsinə əsaslanır. Lakin yaşayış xərcləri və iqtisadi vəziyyətlə bağlı narazılıqlar bu hesablamaların doğrulmasına dair suallar yaradıb.
Mənbələrin sözlərinə görə, Tramp son günlər müşavirlərindən seçki dairələrinin yenidən bölünməsinin niyə daha aydın üstünlük yaratmadığını izah etmələrini tələb edib.
Ağ Evdəki gərginliyi artıran hadisələrdən biri də Ceyms Blerin Bosniya və Herseqovinaya səfəri olub. Bler və Trampın 2024-cü il seçki kampaniyasının keçmiş rəhbərlərindən Kris Lasivita oktyabrın əvvəlində Bosniya və Herseqovinanın Serb Respublikasında ödənişli siyasi məsləhətçilik fəaliyyəti ilə məşğul olublar.
Tramp onların fəaliyyətindən narazılığını açıq şəkildə ifadə edərək maraqlar toqquşması müəyyən ediləcəyi təqdirdə əməkdaşlığa dərhal son qoyacağını bildirib.
Bler isə ittihamları rədd edərək bütün diqqətini respublikaçıların noyabr seçkilərində uğur qazanmasına yönəltdiyini açıqlayıb.
Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir. Seçkilərin nəticələri Tramp administrasiyasının növbəti iki ildə qanunvericilik təşəbbüslərini həyata keçirmək imkanlarına birbaşa təsir göstərəcək.
“Reuters”in məlumatına görə, Tramp köməkçilərinin fəaliyyətini kəskin tənqid etsə də, siyasi strategiyanın formalaşdırılmasında özü də mühüm rol oynayıb. Seçki dairələrinin dəyişdirilməsi və bəzi namizədlərin dəstəklənməsi qərarları da prezidentin iştirakı ilə qəbul edilib.