Yeni Zelandiya millisinin müdafiəçisi Tim Peyn 2026-cı il mundialı ərəfəsində sosial şəbəkələrin ən gözlənilməz qəhrəmanlarından birinə çevrilib.
“Associated Press” yazır ki, argentinalı futbol influenseri Valen Skarsini — sosial şəbəkələrdə “El Scarso” kimi tanınır — mundial iştirakçıları arasında ən az tanınan futbolçunu tapmaq üçün komandaların heyətlərini araşdırıb. Onun seçimi Yeni Zelandiya millisinin və “Wellington Phoenix” klubunun müdafiəçisi Tim Peyn olub.
Skarsini Peyni əsasən sosial şəbəkələrdə az izləyicisinin olması səbəbindən “DÇ-2026-nın ən az tanınan futbolçusu” kimi təqdim edib. “Associated Press”in məlumatına görə, futbolçunun “Instagram” hesabında əvvəlcə təxminən 4700 izləyici var idi. İnfluenserin çağırışından sonra bu rəqəm bir neçə gün ərzində 1 milyonu keçib.
“A-Leagues” portalı qeyd edir ki, Peyn cəmi bir gün əvvəl təxminən 4700 izləyiciyə malik idi, lakin viral kampaniyadan sonra onun auditoriyası 1 milyonu ötüb. Nəşr bunu 2026-cı il dünya çempionatı ərəfəsində futbolun ilk böyük internet fenomenlərindən biri kimi qiymətləndirib.
“People” isə yazır ki, kampaniyanın ilk mərhələsində Peynin izləyici sayı 4715-dən 753 minə yüksəlib və artım davam edib. Futbolçunun 50-ci milli oyununu qeyd etdiyi paylaşımı yüz minlərlə bəyənmə və on minlərlə şərh toplayıb.
“El Scarso” izləyicilərini Peynin hesabına abunə olmağa, paylaşımlarına şərh yazmağa, onun haqqında videolar hazırlamağa və “Panini” mundial albomlarında futbolçunun stikerini paylaşmağa çağırıb. Kampaniya qısa müddətdə Argentina, Yeni Zelandiya və digər ölkələrdə viral olub. Hətta azarkeşlər Peyn üçün ispan dilində mahnı da hazırlayıblar. Mahnıda “no Payne, no gain” ifadəsi xüsusi populyarlıq qazanıb.
Futbolçunun “Panini” kartları ilə bağlı iddialar da sosial şəbəkələrdə yayılıb. Bəzi istifadəçilər Peynin stikerinin qiymətinin kəskin artdığını, hətta onu Lionel Messinin imzalı forması ilə dəyişmək təkliflərinin edildiyini yazıblar. Lakin bu iddialar rəsmi bazar məlumatları ilə təsdiqlənmədiyi üçün daha çox viral zarafat və kolleksiyaçı şişirtməsi kimi qiymətləndirilir.
Tim Peyn özü də qəfil məşhurluğa reaksiya verib. “Associated Press”in məlumatına görə, futbolçu “El Scarso”-ya təşəkkür edərək son 48 saatın onun üçün olduqca qeyri-adi keçdiyini bildirib. O, Yeni Zelandiyanı dünya çempionatında təmsil edəcəyi üçün qürur duyduğunu və dünyanın müxtəlif yerlərindən gələn dəstəyə görə minnətdar olduğunu deyib.
Peyn Yeni Zelandiya millisinin heyətində DÇ-2026-da çıxış edəcək. Komanda “G” qrupunda Belçika, İran və Misirlə mübarizə aparacaq. Yeni Zelandiya mundialdakı ilk oyununu iyunun 15-də Los-Ancelesdə İran millisinə qarşı keçirəcək.