Ronaldu və Corcina gizli mərasimlə evləniblər

Kriştianu Ronaldu və Corcina Rodriges avqustun 11-də Portuqaliyanın Kaşkayeş şəhərindəki evlərində qapalı mülki nikah mərasimi keçiriblər. Mərasimdə cütlüyün beş övladı və dörd şahid iştirak edib.

54

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu və uzun illərdir birlikdə olduğu Corcina Rodriges 11 avqust 2026-cı ildə Portuqaliyada gizli mülki nikah mərasimi ilə evləniblər. Ronaldonun menecment komandası nikahın Kaşkayeşdə qapalı şəraitdə keçirildiyini “Reuters” agentliyinə təsdiqləyib.

MSNews.az xəbər verir ki, Portuqaliyanın “Jornal de Notícias” nəşrinin əldə etdiyi nikah sənədinə əsasən, mərasim cütlüyün Kaşkayeşdəki evində yerli vaxtla saat 13:30-da keçirilib. Nikahı rəsmiləşdirən qeydiyyatçı Maria Manuel Folyadela de Oliveyra bunun üçün xüsusi olaraq Portudan Kaşkayeşə gəlib.

Mərasim son dərəcə məhdud iştirakçı ilə keçirilib. Ronaldu və Corcinanın beş övladından başqa, dörd şahid iştirak edib: Ronaldunun uşaqlıqdan dostu Migel Paysao, Corcinanın bacısı İvana Rodriges, ispaniyalı zərgər Xose Rodriges Sangil və onun həyat yoldaşı Monika Qonzales Martines.

“El País” yazır ki, Ronaldunun anası Dolores Aveyro və bacı-qardaşları mərasimdə iştirak etməyiblər. Bunun ailədaxili münaqişə ilə bağlı olduğu barədə ehtimallar yayılsa da, Dolores Aveyro və Katia Aveyro cütlüyün toy üzüklərini nümayiş etdirdiyi “Instagram” paylaşımına ürək emojisi ilə reaksiya veriblər. Ronaldu da ailəsi ilə bağlı qalmaqal iddialarını yayan Portuqaliya televiziyasına istehzalı şəkildə cavab verib.

Nikah sənədlərinə görə, cütlük mərasimdən bir gün əvvəl Lissabonda nikah müqaviləsi imzalayıb və əmlakın ayrılığı rejimini seçib. Ronaldu və Rodriges evlilikdən sonra da öz soyadlarını saxlayıblar.

Cütlük nikah xəbərini sosial şəbəkədə toy üzüklərinin göründüyü foto və “C❤️G” qeydi ilə ictimaiyyətə açıqlayıb. Maraqlıdır ki, toy onların nişanlarını elan etməsindən düz bir il sonra — 11 avqustda baş tutub.