Konqo Demokratik Respublikasının milli komandası “Ebola” epidemiyası ilə bağlı narahatlıqlara görə DÇ-2026 öncəsi Kinşasada keçirilməsi planlaşdırılan üçgünlük hazırlıq toplanışını və azarkeşlərlə vida tədbirini ləğv edib. ESPN xəbər verir ki, qərar ölkənin şərqində yayılan “Ebola” virusu fonunda qəbul olunub.
“Associated Press”-in məlumatına görə, Konqo DR yığması hazırlığını ölkə xaricində davam etdirəcək. Komandanın iyunun 3-də Belçikada Danimarka, iyunun 9-da isə İspaniyada Çili ilə yoxlama oyunu keçirməsi, daha sonra isə son hazırlıq mərhələsi üçün ABŞ-ın Hyuston şəhərinə yollanması planlaşdırılır.
“Ebola” epidemiyası Konqonun şərqində, əsasən İturi əyalətində qeydə alınıb. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatına görə, mayın 19-dək ölkədə 500-dən çox şübhəli yoluxma və 130 ölüm halı bildirilib. Ümumdünya Səhiyyə Təşkilatı isə mayın 17-də Konqo DR və Uqandadakı “Ebola” epidemiyasını beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.
Epidemiya həm də Konqo DR millisinin ABŞ-a səfər planlarına təsir göstərə bilər. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tətbiq etdiyi qaydalara əsasən, son 21 gün ərzində Konqo DR, Uqanda və ya Cənubi Sudanda olmuş ABŞ vətəndaşı olmayan şəxslərin ölkəyə girişi məhdudlaşdırılır. Bu səbəbdən Konqoda olan komanda üzvləri və heyət nümayəndələri ABŞ-a problemsiz daxil ola bilmək üçün ölkəni vaxtında tərk etməlidirlər.
Bu məhdudiyyət Konqo DR azarkeşlərinin mundiala səfərinə də təsir göstərə bilər. Xüsusilə, son üç həftə ərzində Konqoda olmuş və ABŞ pasportu daşımayan şəxslərin turnir üçün ABŞ-a girişində problem yaranması mümkündür. Bununla belə, bu, komandanın tamamilə azarkeşsiz qalacağı anlamına gəlmir; ABŞ-da və digər ölkələrdə yaşayan konqolu azarkeşlər bu məhdudiyyətdən kənarda qala bilərlər. (CBS News)
Konqo DR DÇ-2026-da “K” qrupunda çıxış edəcək. Komanda Portuqaliya, Kolumbiya və Özbəkistanla eyni qrupda mübarizə aparacaq. FIFA-nın vəziyyəti Konqo Futbol Federasiyası ilə birlikdə izlədiyi bildirilir.