Mozartın 248 illik naməlum əlyazması Fransada tapıldı

Fransa Milli Kitabxanasında Motsartın 1778-ci ildə yazdığı 44 səhifəlik əlyazma müəyyən edilib. Dəftərdə fleyta və arfa üçün yeddi musiqi parçası yer alır.

18

Fransa Milli Kitabxanasında Volfqanq Amadey Mozarta aid, indiyədək müəyyənləşdirilməmiş 44 səhifəlik əlyazma dəftəri aşkar edilib.

MSNews.az xəbər verir ki, 1778-ci ilə aid sənəd Mozartın Parisdə olduğu dövrdə verdiyi bəstəkarlıq dərsləri zamanı hazırlanıb. Dəftərdə bəstəkarlıq tapşırıqları ilə yanaşı, fleyta və arfa üçün yeddi qısa musiqi parçası yer alır. Onlardan altısı tamamlanmış vəziyyətdədir.

Fransa Milli Kitabxanası bildirib ki, əlyazmanı 2026-cı il fevralın 2-də kitabxananın musiqi şöbəsinin kuratoru Fransua-Pyer Qua anonim və başlıqsız sənədləri araşdırarkən müəyyən edib. O, yazı üslubunun Mozarta məxsus ola biləcəyini düşünərək sənədi həmkarı Lorans Dekoberə təqdim edib.

Əlyazmanın həqiqiliyi 2026-cı ilin aprelində Salzburqdakı “Bibliotheca Mozartiana”nın direktoru Armin Brinzinq tərəfindən də təsdiqlənib. Mütəxəssislər tapıntını Mozart irsi ilə bağlı son onilliklərin ən mühüm kəşflərindən biri kimi qiymətləndirirlər.

Dəftər Mozartın Gines hersoqunun qızı, arfa ifaçısı Mari-Luisa-Filippin de Bonniyer de Ginesə verdiyi dərslərlə əlaqələndirilir. Hersoq özü fleyta ifaçısı olub və Mozartın məşhur fleyta və arfa üçün konsertini — KV 299 əsərini sifariş edib.

Araşdırmaya əsasən, dəftərdə həm Mozartın, həm də onun şagirdinin yazıları mövcuddur. Musiqi parçalarının ideyalarının Mozart tərəfindən verildiyi, bəzi hissələrin isə müəllim və şagirdin birgə işi nəticəsində yarandığı bildirilir. Buna görə tapıntını bütövlükdə Mozartın əvvəllər bilinməyən yeddi müstəqil əsəri kimi təqdim etmək tam dəqiq sayılmır.

Dəftərin sonuncu tapşırığı tamamlanmayıb, son altı səhifəsi isə boş qalıb. Mütəxəssislər bunu dərslərin şagirdin 1778-ci il iyulun 26-da ailə qurması ilə qəfil dayandırılması ilə əlaqələndirirlər.

Sənədin Fransa Milli Kitabxanasına XVIII əsrin sonunda daxil olduğu ehtimal edilir. Kitabxananın məlumatına görə, əlyazma 1794-cü ildə Fransa inqilabı zamanı Gines hersoqunun Parisdəki evindən müsadirə edilən musiqi materialları arasında olub.

Yeni müəyyənləşdirilən musiqi parçaları iyunun 21-də Parisdə ilk dəfə ictimaiyyət qarşısında səsləndirilib. Onları Radio France Filarmonik Orkestrinin fleytaçısı Matild Kalderini və arfaçısı Nikola Tülye ifa ediblər.