Mərakeşdə hökumətin İsraillə diplomatik münasibətləri genişləndirmək qərarına qarşı etiraz aksiyaları keçirilib. Nümayişçilər iki ölkə arasında əlaqələrin normallaşdırılmasına etiraz edərək Fələstin xalqına dəstək nümayiş etdiriblər.
MSNews.az xəbər verir ki, sentyabrın 18-də Mərakeşin Meknes şəhərində üç etiraz aksiyası təşkil olunub. “Maacom 24” nəşrinin məlumatına görə, aksiyalar cümə namazından sonra şəhərin müxtəlif məhəllələrində keçirilib.
Etirazçılar İsraillə münasibətlərin normallaşdırılmasına qarşı şüarlar səsləndirib, Əl-Əqsa məscidində baş verən hadisələrə etirazlarını bildiriblər.
Aksiyalar Mərakeş və İsrailin diplomatik nümayəndəliklərinin statusunu səfirlik səviyyəsinə yüksəltmək və qarşılıqlı səfir təyin etmək barədə razılığa gəlməsindən sonra təşkil olunub.
Mərakeşin Fələstinə Dəstək və Normallaşmaya Qarşı Mübarizə Cəbhəsi də hökumətin qərarına etiraz edərək sentyabrın 25–27-də ölkə miqyasında nümayişlər keçirilməsinə çağırıb.
Təşkilatın bəyanatında diplomatik əlaqələrin genişləndirilməsi ilə yanaşı, İsraillə iqtisadi, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın artırılması da tənqid olunub. Bu barədə “Sawt Al Maghrib” məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 16-da Mərakeşin xarici işlər naziri Nasir Burita və İsrailin xarici işlər naziri Gideon Saar ABŞ-nin BMT-dəki səfiri Mayk Uoltsun iştirakı ilə Nyu-Yorkda görüş keçiriblər. Görüşdə iki ölkə arasında diplomatik münasibətlərin səviyyəsinin yüksəldilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.