Burkina-Faso Fransa ilə diplomatik əlaqələri kəsdi

Burkina-Faso hərbi hökuməti Fransa ilə diplomatik münasibətləri dayandırdığını açıqlayıb. Paris qərarı “əsassız və düşmən addım” adlandıraraq cavab tədbirlərini nəzərdən keçirdiyini bildirib.

15

MSNews.az xəbər verir ki, Burkina-Faso Fransa ilə diplomatik münasibətləri dayandırdığını elan edib.

“Reuters” agentliyinin məlumatına görə, qərar iyunun 26-da Burkina-Faso hökuməti tərəfindən dövlət televiziyası vasitəsilə açıqlanıb. Ölkənin kommunikasiya naziri Pinqdvende Jilbert Ouedraoqo bildirib ki, qərar Parislə münasibətlərin yenidən qiymətləndirilməsindən sonra qəbul edilib və həmin gündən qüvvəyə minib.

Burkina-Faso tərəfi Fransanı ölkənin daxili işlərinə qarışmaqda, suverenliyə hörmət etməməkdə və “subversiv şəbəkələrə” dəstək verməkdə ittiham edib. “Associated Press” yazır ki, hərbi hökumət Fransanı “neokolonial ambisiyalar” və terrorçulara dəstəkdə günahlandırsa da, bu iddialarla bağlı sübut təqdim etməyib.

Fransa Xarici İşlər Nazirliyi isə Burkina-Fasonun qərarını pisləyib. Nazirliyin rəsmi “France Diplomatie” saytında yayılan açıqlamada Parisin bu addımı “düşmən və əsassız qərar” kimi qiymətləndirdiyi bildirilib. Fransa tərəfi həmçinin mümkün cavab tədbirlərinin nəzərdən keçirildiyini və Burkina-Fasoda olan Fransa vətəndaşlarına daha diqqətli olmağı tövsiyə etdiyini açıqlayıb.

“Al Jazeera” bildirir ki, Uaqaduqunun qərarı yalnız iki dövlət arasında diplomatik münasibətlərə aiddir. Burkina-Faso hökuməti bunun iki xalq arasında tarixi, sosial, mədəni və humanitar əlaqələri hədəf almadığını vurğulayıb. Hökumət ölkə ərazisində olan Fransa vətəndaşlarının qanunvericilik çərçivəsində qorunacağını da bəyan edib.

Qeyd edək ki, Burkina-Faso ilə Fransa arasında münasibətlər 2022-ci ilin sentyabrında hərbçilərin hakimiyyətə gəlməsindən sonra sürətlə pisləşib. Bundan əvvəl Uaqaduqu Fransa səfirinin geri çağırılmasını tələb etmiş, hərbi əməkdaşlıq sazişlərini dayandırmış və Fransa hərbi kontingentinin ölkədən çıxarılmasına nail olmuşdu.