Türkiyə Prezidentinin baş müşaviri və Prezident Administrasiyasının Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkilərində “son dəfə” namizəd olacağını bildirib. Uçumun sözlərinə görə, seçkilərin adi təqvim üzrə keçirilmə tarixi 7 may 2028-ci ildir.
MSNews.az xəbər verir ki, Uçum bunu Türkiyə Mətbuat Federasiyasının “Anadolu Sohbetleri” proqramında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Uçumun fikrincə, Ərdoğanın yenidən namizədliyinin hüquqi əsasının yaranması üçün TBMM seçkilərin yenilənməsi barədə qərar verməlidir. Türkiyə Konstitusiyasının 116-cı maddəsinə əsasən, prezidentin ikinci səlahiyyət müddətində parlament seçkilərin yenilənməsinə qərar verərsə, prezident bir dəfə də namizəd ola bilər. Belə qərar üçün TBMM-nin 600 üzvündən ən azı 360-nın səsi tələb olunur.
Uçum seçkilərin 16 aprel 2028-ci ildə keçirilməsi variantını təklif edib. Bu tarix 2017-ci ildə Türkiyədə prezident idarəetmə sisteminə keçidlə bağlı referendumun ildönümünə təsadüf edir. O vurğulayıb ki, bu, hələ rəsmi seçki tarixi deyil və yekun qərar TBMM-yə məxsusdur.
Burada mühüm məqam ondan ibarətdir ki, 16 aprel üçün qanun dəyişikliyi tələb olunmur. Uçumun təqdim etdiyi ssenariyə görə, parlament seçkilərin yenilənməsi barədə qərar qəbul etməlidir. Mövcud qanunvericilik seçkilərin yenilənməsi qərarından sonra prezident və parlament seçkilərinin birlikdə keçirilməsini nəzərdə tutur.
Beləliklə, Ərdoğanın 2028-ci ildə yenidən namizəd olacağı və seçkinin aprelin 16-da keçiriləcəyi hələ hüquqi baxımdan yekunlaşmış qərar deyil. Hazırda bu, Uçumun açıqladığı siyasi-hüquqi ssenaridir.