Səudiyyə Ərəbistanı İranın dəstəklədiyi qüvvələrin krallığa qarşı yeni hücumlar hazırlaya biləcəyinə dair kəşfiyyat məlumatları aldığını bildirib.
MSNews.az xəbər verir ki, “Al Arabiya” yüksək vəzifəli Səudiyyə mənbəsinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqdakı Tehran tərəfdarı silahlı qruplar və Yəməndəki husilərlə mümkün hücumların hazırlanmasını koordinasiya etdiyini yazıb. Mənbə bu məlumatları “etibarlı kəşfiyyat” kimi xarakterizə edib.
Məlumata görə, Ər-Riyad üçün əsas narahatlıq iddiaların regionda gərginliyin azaldılması və İranla bağlı diplomatik danışıqların müsbət istiqamətdə irəlilədiyi bir vaxtda ortaya çıxmasıdır. Səudiyyə rəsmisi krallığın “istənilən təcavüzə qarşı bütün zəruri tədbirləri” görəcəyini bildirib.
Gərginlik son həftələrdə artıb. Səudiyyə Ərəbistanı iyulun sonunda İraq ərazisindən neft obyektlərinə yönələn pilotsuz uçuş aparatlarını məhv etdiyini və hücumların İranın dəstəklədiyi silahlı qruplar tərəfindən həyata keçirildiyini açıqlamışdı. “Arab News” bu barədə Səudiyyə Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Tehran isə həmin hücumlarla əlaqəsini rədd edib. “Anadolu Agentliyi” iyulun 29-da İran rəsmisinin İraqdan Səudiyyə Ərəbistanına yönələn zərbələrlə Tehran arasında əlaqə olmadığını bildirdiyini yazıb. İran tərəfi son kəşfiyyat iddialarına hələlik ayrıca açıq cavab verməyib.