Cari ilin ilk altı ayında təxminən 200 min nəfər Rusiya Silahlı Qüvvələrində müqaviləli hərbi xidmət keçmək üçün qeydiyyatdan keçib.
MSNews.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev hərbi komplektləşdirmə ilə bağlı keçirilən müşavirədə bildirib.
Medvedevin sözlərinə görə, həmin dövrdə 16 mindən çox Rusiya vətəndaşı da könüllü hərbi birləşmələrə qoşularaq Ukraynada aparılan və Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı döyüş zonasına yollanıb.
O qeyd edib ki, Rusiya ordusunda yeni yaradılan pilotsuz sistemlər qoşunlarının komplektləşdirilməsi də yüksək templə davam edir. Medvedevin açıqlamasına əsasən, bu bölmələrdə xidmət üçün artıq təxminən 40 min hərbi qulluqçu qəbul olunub.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini iyul ayında da müqaviləli xidmətə qəbul tempinin yüksək səviyyədə saxlanıldığını vurğulayıb.
“TASS” agentliyinin məlumatına görə, Medvedev bildirib ki, müqaviləli hərbi xidmətə qəbulun artırılması Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin gücləndirilməsi istiqamətində prioritet vəzifələrdən biri olaraq qalır.
Rusiya Müdafiə Nazirliyi Medvedevin açıqladığı rəqəmlərlə bağlı əlavə statistik məlumat yayımlamayıb. Həmçinin bu göstəricilər müstəqil mənbələr tərəfindən ayrıca təsdiqlənməyib.