Mbappenin Mao Tszedun zarafatı qalmaqal yaratdı

“Real Madrid”in ulduzu Kilian Mbappe Çin lideri Mao Tszedunla bağlı zarafatından sonra qalmaqalın mərkəzinə düşüb. Çinin DongPeng və Mengniu şirkətləri futbolçu ilə əməkdaşlığı dayandırdıqlarını açıqlayıblar.

72

“Real Madrid”in fransalı ulduzu Kilian Mbappe Çin Xalq Respublikasının qurucusu Mao Tszedunla bağlı zarafatından sonra sponsorlarını itirməyə başlayıb. Çinin “DongPeng” və “Mengniu” şirkətləri futbolçunun açıqlamalarına etiraz olaraq onunla əməkdaşlığı dayandırdıqlarını bildiriblər.

MSNews.az xəbər verir ki, qalmaqal Mbappenin oktyabrın 26-da yayımlanan müsahibəsindən sonra başlayıb. Futbolçudan sosial şəbəkələrdə onun haqqında hazırlanmış şəkillərdən hansını daha gülməli hesab etdiyi soruşulub.

Mbappe cavabında üzünün Çin lideri Mao Tszedunun təsvirinə yerləşdirildiyi montajı xatırladıb.

“Məni ən çox güldürən, deyəsən, Çin diktatoru ilə bağlı olan şəkil idi. Dostlarımla “PlayStation” oynayarkən ondan tez-tez istifadə edirəm”, – deyə futbolçu bildirib.

Qeyd edək ki, Mbappe çıxışında Mao Tszedunun adını birbaşa çəkməyib. Lakin müsahibənin həmin hissəsində onun simasına bənzədilmiş montaj görüntüsü nümayiş etdirilib.

Futbolçunun “Çin diktatoru” ifadəsini işlətməsi ölkədə ciddi narazılığa səbəb olub.

Çinin məşhur futbol platformalarından biri olan “Dongqiudi” açıqlamanı Çin xalqının milli hisslərinə qarşı hörmətsizlik kimi qiymətləndirərək müsahibənin həmin hissəsini tərcümə etməyəcəyini bildirib.

Sosial şəbəkələrdə də Mbappenin sözlərinə etirazlar yayılıb.

Oktyabrın 27-də Çinin içki istehsalçısı “DongPeng” rəsmi bəyanat yayaraq futbolçu ilə bütün əməkdaşlığı dayandırdığını açıqlayıb.

“Milli hissləri incidən davranışlara qətiyyətlə qarşı çıxırıq və belə hallara sıfır dözümlülük nümayiş etdiririk. Bu gündən etibarən Kilian Mbappe ilə bütün əməkdaşlığımızı dayandırırıq”, – deyə şirkətin bəyanatında bildirilib.

Çinin süd məhsulları istehsalçısı “Mengniu” şirkətinin də Mbappe ilə əməkdaşlığı dayandırdığı və onun iştirak etdiyi reklam materiallarını platformalardan çıxardığı bildirilir.

Bununla yanaşı, digər Çin brendlərinin də futbolçunun yer aldığı reklam paylaşımlarını sildiyi barədə məlumatlar yayılıb.

Qalmaqal Mbappenin Çin bazarındakı kommersiya fəaliyyətinə təsir göstərə bilər. Bununla belə, ləğv edilən müqavilələrin maliyyə dəyəri barədə rəsmi məlumat açıqlanmayıb.

Mbappenin və “Real Madrid” klubunun yeni qalmaqalla bağlı mövqeyi hələ məlum deyil.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.