Mauro İkardi 11 yaşlı qızına zorakılıq etməkdə ittiham olunur

Argentinalı futbolçu Mauro İkardi 11 yaşlı qızına fiziki zorakılıq göstərməkdə ittiham olunur. Uşağın kompüter vasitəsilə anasından kömək istədiyi bildirilir. Futbolçu ittihamları rədd edib, məhkəmə isə onun qızına yaxınlaşmasını müvəqqəti qadağan edib.

14

Argentinalı futbolçu Mauro İkardi 11 yaşlı qızına fiziki zorakılıq göstərməkdə ittiham olunur. İddiaya görə, futbolçu qızını danlayaraq otağa qapadıb, azyaşlı isə kompüter vasitəsilə anasına mesaj göndərərək qorxduğunu və köməyə ehtiyacı olduğunu bildirib.

MSNews.az xəbər verir ki, bu barədə Argentinanın “Infobae” nəşri polis sənədlərinə istinadən məlumat yayıb. Hadisə noyabrın 6-da Buenos-Ayres yaxınlığındakı Nordelta yaşayış kompleksində baş verib.

Polis protokoluna əsasən, futbolçunun keçmiş həyat yoldaşı Vanda Nara qızının ona kompüterdən “WhatsApp” vasitəsilə kömək mesajı göndərdiyini bildirib. Azyaşlı atasının onu vurduğunu, otaqda tək qaldığını və qorxduğunu iddia edib.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası göndərilib. İkardinin əvvəlcə polis əməkdaşları ilə danışmaqdan imtina etdiyi qeyd olunub.

11 yaşlı qız sonradan evdən çıxaraq anasının yanına gedib. Hadisə zamanı evdə olan digər azyaşlı qız da anası ilə birlikdə ərazidən uzaqlaşıb.

Məsələ ilə bağlı Argentina prokurorluğu araşdırmaya başlayıb. Məhkəmə İkardinin 45 gün müddətinə qızına yaxınlaşmasını və onunla əlaqə saxlamasını qadağan edən müvəqqəti qərar qəbul edib.

İkardi isə ittihamları qətiyyətlə rədd edib. Futbolçu noyabrın 12-də məhkəməyə verdiyi ifadədə qızını vurmadığını bildirib. Onun vəkilləri də zorakılıq iddialarının həqiqəti əks etdirmədiyini açıqlayıblar.

Tibbi müayinədə azyaşlıda ağır xəsarət aşkarlanmadığı bildirilib. Bununla belə, hadisə üzrə hüquqi araşdırma davam edir.

Qeyd edək ki, Mauro İkardinin qızına zorakılıq göstərdiyi məhkəmə tərəfindən sübuta yetirilməyib. Hazırda söhbət araşdırılan ittihamlardan gedir.