İran Bəhreyndə ABŞ radarını məhv etdiyini açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndə yerləşən ABŞ-a məxsus erkən xəbərdarlıq radarına zərbə endirərək onu məhv etdiyini iddia edib. Tehran əməliyyatın İranın Sirik şəhərinə hücuma cavab olduğunu bildirib.

9

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ-a məxsus erkən xəbərdarlıq radar sisteminə zərbə endirdiyini və onu məhv etdiyini açıqlayıb. Tehran əməliyyatın İranın Hörmüzqan əyalətindəki Sirik şəhərinə endirilmiş hava zərbəsinə cavab olduğunu bildirib.

MSNews.az xəbər verir ki, bu barədə noyabrın 13-də SEPAH-ın yaydığı bəyanata istinadən “Tasnim” agentliyi məlumat yayıb.

Hadisə barədə Reuters də xəbər yayıb.

SEPAH-ın açıqlamasına əsasən, SEPAH-ın Aerokosmik Qüvvələri Bəhreyn adasında yerləşən ABŞ hərbi radarını hədəfə alıb.

İran tərəfi zərbənin bir neçə saat əvvəl Sirikdəki telekommunikasiya qülləsinə edilən hava hücumuna cavab olaraq həyata keçirildiyini bildirib.

“Aerokosmik Qüvvələrimiz Sirikdəki telekommunikasiya qülləsinə qarşı hava hücumuna cavab olaraq Bəhreyndəki amerikalılara məxsus erkən xəbərdarlıq radarını hədəfə alaraq məhv edib”, – deyə SEPAH-ın bəyanatında qeyd olunub.

İran hərbi qurumu əməliyyatı qarşı tərəfə ciddi xəbərdarlıq adlandırıb və yeni hücumlar baş verəcəyi təqdirdə coğrafi məhdudiyyət olmadan cavab verməyə hazır olduğunu bəyan edib.

Lakin ABŞ və Bəhreyn hakimiyyəti radar sisteminə zərbə endirildiyini və onun məhv olunduğunu hələlik təsdiqləməyib. Hadisə nəticəsində mümkün dağıntılar və insan itkiləri barədə müstəqil təsdiqlənmiş məlumat yoxdur.

Qeyd edək ki, Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı yerləşir. Ölkə Fars körfəzində Amerikanın əsas hərbi tərəfdaşlarından biridir.

“Reuters”-in məlumatına görə, bu, sentyabrın əvvəlindən bəri İranın Fars körfəzi ölkələrindən birində ABŞ hərbi obyektinə hücum etdiyini bildirdiyi ilk hadisədir.