Rusiya Prezidenti Vladimir Putin Moskvada ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü zamanı Avropa ölkələrinin Ukraynadakı müharibəyə münasibətini lətifə ilə müqayisə edib. Kremlin rəhbəri avropalıların sülh və müharibə məsələsində ziddiyyətli mövqe tutduğunu iddia edib.
MSNews.az xəbər verir ki, hadisə noyabrın 12-də Moskvada keçirilən Rusiya-ABŞ danışıqları zamanı baş verib. Bu barədə RBC və Gordonua məlumat yayıb.
Putin Avropanın mövqeyini izah etmək üçün köhnə bir lətifəni xatırladıb.
“Tutaq ki, Kiyev yaxınlığında kotteclər tikmiş bir fırıldaqçını istintaqa çağırırlar və soruşurlar:
— Pulu haradan götürmüsən?
— Tumbaçkadan.
— Bəs pulu tumbaçkaya kim qoyub?
— Arvadım.
— Arvadın pulu haradan götürüb?
— Mən vermişəm.
— Bəs sən pulu haradan götürmüsən?
— Tumbaçkadan”.
“Dairə qapandı. Avropalılarla da eyni vəziyyətdir”, – deyə Rusiya Prezidenti bildirib.
Putin bununla Avropa ölkələrinin Ukraynada sülhün əldə olunması və müharibədən sonrakı təhlükəsizlik mexanizmləri ilə bağlı mövqeyini tənqid edib.
Onun sözlərinə görə, ABŞ administrasiyası Avropanın gələcək təhlükəsizlik sistemini müzakirə etməyi təklif edir, bəzi Avropa ölkələri isə əvvəlcə Ukraynada sülh razılaşmasının əldə olunmasını istəyirlər.
Putin Avropa hərbçilərinin sülh razılaşmasından sonra Ukraynaya yerləşdirilməsi təşəbbüsünün yeni qarşıdurmaya səbəb ola biləcəyini iddia edib.
Rusiya lideri amerikalı nümayəndələrə müraciət edərək bildirib:
“Çox istərdik ki, siz və ümumilikdə Amerika administrasiyası avropalı müttəfiqlərinizlə işləyəsiniz ki, onlar nəhayət Ukraynada nə istədiklərinə – sülhə, yoxsa müharibəyə – qərar versinlər”.
Görüş ABŞ-ın vasitəçiliyi ilə Ukrayna müharibəsinin dayandırılması istiqamətində aparılan diplomatik danışıqlar fonunda keçirilib.
“Reuters”-in məlumatına görə, görüşdən sonra Stiv Uitkoff Avropa nümayəndələrinin növbəti sülh danışıqlarına qoşulacağını açıqlayıb. Bununla belə, tərəflər arasında ərazi məsələləri və müharibədən sonrakı təhlükəsizlik zəmanətləri üzrə ciddi fikir ayrılıqları qalır.