Türkiyədə CHP qərargahına polis müdaxiləsi

Türkiyədə məhkəmənin CHP-nin 2023-cü il qurultayını etibarsız saymasından sonra polis partiyanın Ankara qərargahına daxil olub. Qərar Özgür Özelin vəzifədən uzaqlaşdırılması və Kamal Kılıçdaroğlunun bərpası ilə nəticələnib.

Türkiyədə əsas müxalif qüvvə olan Cümhuriyyət Xalq Partiyası — CHP ətrafında siyasi böhran daha da kəskinləşib. Mayın 24-də polis qüvvələri Ankarada partiyanın mərkəzi qərargahına daxil olaraq, məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılmış Özgür Özelin tərəfdarlarını binadan çıxarıb.

“Associated Press”-in məlumatına görə, polis qərargaha daxil olarkən gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib; partiya üzvləri və tərəfdarları isə üç gün ərzində binada qalaraq qərarın icrasına müqavimət göstəriblər.

Böhran Türkiyə məhkəməsinin CHP-nin 2023-cü il qurultayının nəticələrini ləğv etməsindən sonra başlayıb. Məhkəmə həmin qurultayda Özgür Özelin partiya sədri seçilməsini etibarsız sayıb və keçmiş sədr Kamal Kılıçdaroğlunu yenidən partiya rəhbəri kimi tanıyıb. CHP isə qərarı “məhkəmə çevrilişi” adlandıraraq həm hüquqi, həm də siyasi mübarizə aparacağını açıqlayıb.

“Euronews”-un məlumatına görə, polis əməliyyatı məhkəmə qərarının icrası məqsədilə həyata keçirilib. Hüquq-mühafizə qüvvələri CHP qərargahında qurulan baryerləri dağıdıb və binada qalan Özel tərəfdarlarını uzaqlaşdırıb. Hadisə partiya daxilində ciddi qarşıdurma yaradıb; hazırkı rəhbərlik Kılıçdaroğlu tərəfini güc yolu ilə qərargahı ələ keçirməyə çalışmaqda ittiham edir.

“Bianet” yazır ki, polis müdaxiləsi Kılıçdaroğlu tərəfinin rəsmi müraciətindən sonra baş verib. Nəşrin məlumatına görə, yenidən rəhbər kimi tanınan Kılıçdaroğlu qərargahın boşaldılması üçün hüquq-mühafizə orqanlarının cəlb edilməsini istəyib, çünki Özgür Özel və onun komandası binanı tərk etməkdən imtina edirdi.

CHP ətrafındakı böhran İstanbul meri Əkrəm İmamoğlu ilə bağlı davam edən cinayət işləri fonunda daha geniş siyasi kontekst qazanıb.

Məhkəmə qərarı Türkiyə maliyyə bazarlarına da təsir edib. CHP qurultayının ləğvi barədə qərardan sonra Borsa İstanbulun BIST 100 indeksi 6 faizdən çox ucuzlaşıb, istiqraz bazarında da satışlar qeydə alınıb. Sonrakı günlərdə bazar qismən sabitləşsə də, investorlar siyasi qeyri-müəyyənlik fonunda ehtiyatlı mövqedə qalırlar.

1923-cü ildə Mustafa Kamal Atatürk tərəfindən yaradılan CHP Türkiyənin ən qədim siyasi partiyası və ölkənin əsas müxalif qüvvəsidir. İndiki böhran isə partiyanın son onilliklərdə üzləşdiyi ən ciddi daxili-siyasi sınaqlardan biri kimi qiymətləndirilir. Reuters-in yazdığına görə, məhkəmə qərarı və polis müdaxiləsi Türkiyədə müxalifətə qarşı daha geniş hüquqi-siyasi təzyiqlər fonunda baş verir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.