İran böhranı və yeni marşrut savaşı: regionda əsas məsələ yollar üzərində nəzarətdir – TƏHLİL

QAFSAM eksperti Novruzəli Yusubzadənin təhlilində İran böhranı, Hörmüz boğazı, Anaklia, TRIPP, İnkişaf Yolu və Arktika marşrutları fonunda qlobal güclərin nəqliyyat dəhlizləri uğrunda rəqabəti şərh olunur.

74

QAFSAM-ın eksperti Novruzəli Yusubzadənin fikrincə, son aylarda İran, Yaxın Şərq və bütövlükdə Avrasiya məkanında baş verən hadisələr geosiyasi mübarizənin mahiyyətini daha aydın şəkildə ortaya qoyur. Onun qənaətinə görə, artıq əsas rəqabət enerji resurslarından daha çox, həmin resursların və qlobal ticarətin hərəkət etdiyi yollar üzərində cəmlənib.

Ekspert hesab edir ki, İran, Hörmüz boğazı və ABŞ arasında formalaşan yeni vəziyyət bu böyük prosesin əsas elementlərindən biridir. Son hadisələr göstərdi ki, İran Hörmüz üzərində öz rolunu daha açıq şəkildə qəbul etdirməyə nail olub və bu keçidin siyasi-strateji əhəmiyyətini artırıb. Bununla paralel olaraq ABŞ İranı tam təcrid etmək əvəzinə, onu müəyyən çərçivələr daxilində qlobal iqtisadi sistemə qaytarmaq xəttini seçib.

Novruzəli Yusubzadə qeyd edir ki, məsələnin əsas mahiyyəti təkcə İran-ABŞ münasibətlərində deyil. Burada əsas sual ondan ibarətdir ki, qlobal ticarət və enerji yolları üzərində kim nəzarət edir və gələcək iqtisadi düzən hansı marşrutlar üzərində qurulacaq. Onun sözlərinə görə, Demokratlar dövründə Çin Orta Dəhliz layihəsi üzərində Gürcüstanın Anaklia limanı və Rumıniyanın Köstəncə limanı vasitəsilə Avropa ilə fasiləsiz əlaqə yaratmağa çalışırdı.

Ekspertin fikrincə, Trampın hakimiyyətə qayıdışından sonra bu istiqamətdə ciddi dəyişikliklər baş verib. Anaklia limanı ətrafında Gürcüstana təzyiqlər artıb və bu liman üzərində Qərb təsirinin daha sərt şəkildə qurulmasına cəhd edilib. Eyni zamanda Köstəncə limanı istiqamətində də Qərb kapitalı və siyasi nüfuzu daha qabarıq şəkildə görünməyə başlayıb. Beləliklə, onun qənaətinə görə, ABŞ həm TRIPP xətti, həm də əsas limanlar vasitəsilə Orta Dəhliz üzərində mövqeyini gücləndirib.

Novruzəli Yusubzadə əlavə edir ki, alternativ marşrut kimi təqdim olunan İraqdakı “İnkişaf Yolu” layihəsi də bu rəqabətin təsirindən kənarda qalmayıb. Onun fikrincə, bu layihənin strateji imkanları məhdudlaşdırılır. Digər tərəfdən, Rusiya üzərindən keçən ənənəvi marşrut müharibə səbəbindən əvvəlki əhəmiyyətini itirib. Bu şəraitdə Arktika marşrutu daha çox diqqət mərkəzinə çevrilir və Qrenlandiya, Norveç, eləcə də Rusiya ilə bağlı məsələlər bu kontekstdə qiymətləndirilməlidir.

Ekspert hesab edir ki, bütün bu proseslər fonunda əsas nəticə aydındır: qlobal mübarizə yollar üzərində gedir. Kim nəqliyyat və tranzit marşrutlarına nəzarət edirsə, o həm iqtisadi, həm də siyasi üstünlük əldə edir. İran da bu prosesdə öz payını artırmağa çalışıb və müəyyən nəticə əldə edib. Gələcəkdə isə bu üstünlüyünü tranzit gəlirləri və regional təsir vasitəsilə daha da möhkəmləndirməyə çalışacaq.

Novruzəli Yusubzadənin qənaətinə görə, Körfəz ərəb ölkələri hələ bu proseslərin dərin mahiyyətini tam anlamayıb. Onun fikrincə, əsas mübarizə artıq yalnız enerji və ya ərazi üzərində deyil, qlobal hərəkət xətləri və yeni geoiqtisadi xəritənin formalaşdırılması uğrunda gedir. Bu reallıq gec dərk edildikdə isə region ölkələri üçün strateji imkanlar əldən çıxmış ola bilər.

Analitik təhlil | Novruzəli YUSUBZADƏ

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.