Azərbaycan və İran hərbi, hərbi-texniki, hərbi təhsil və tibb sahələrində əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
MSNews.az xəbər verir ki, görüş sentyabrın 30-da Bakıda keçirilən “ADEX-2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində baş tutub.
Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İran Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat üzrə müavini general-leytenant Reza Şeyxhəsəninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İran nümayəndə heyəti Azərbaycana “ADEX-2026” sərgisində və “Birliyin Gücü – 2026” birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək üçün gəlib.
Kərim Vəliyev iki ölkənin silahlı qüvvələri arasında əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin artırılması baxımından qarşılıqlı səfər və görüşlərin əhəmiyyətini vurğulayıb.
İran nümayəndə heyətinin rəhbəri isə Tehranın Azərbaycanla ikitərəfli hərbi əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
Görüş zamanı hərbi və hərbi-texniki əməkdaşlıqla yanaşı, hərbi təhsil və tibb istiqamətləri üzrə mövcud vəziyyət və gələcək imkanlar nəzərdən keçirilib. Tərəflər regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.