İsrailin “Elbit Systems” müdafiə şirkəti Avropanın NATO üzvü olan ölkələrindən biri ilə təxminən 260 milyon dollar dəyərində silah müqaviləsi imzalayıb. Razılaşma PULS raket-artilleriya sistemlərinin və müvafiq döyüş sursatlarının tədarükünü nəzərdə tutur.
MSNews.az xəbər verir ki, bu barədə noyabrın 12-də “Elbit Systems” şirkətinin rəsmi açıqlamasında məlumat verilib. Müqavilənin beş il ərzində icra olunacağı bildirilib.
Müqaviləni imzalayan NATO ölkəsinin adı açıqlanmayıb. Həmçinin tədarük ediləcək buraxılış qurğularının və raketlərin sayı barədə məlumat verilməyib.
PULS (Precise & Universal Launching System) müxtəlif mənzilli idarə olunmayan raketlərin, yüksək dəqiqlikli döyüş sursatlarının və raketlərin buraxılması üçün nəzərdə tutulmuş universal raket-artilleriya sistemidir.
Sistemin əsas üstünlüklərindən biri onun həm təkərli, həm də tırtıllı hərbi platformalara inteqrasiya oluna bilməsidir. Şirkətin məlumatına görə, bu xüsusiyyət texniki xidmət və hərbi heyətin təlim xərclərini azaltmağa imkan verir.
“Elbit Systems”in prezidenti və baş direktoru Betsalel Maxlis bildirib ki, Avropa və NATO ölkələrinin PULS sistemini seçməsi onun əməliyyat imkanlarına və müasir orduların tələblərinə uyğunluğuna olan marağı göstərir.
Qeyd edək ki, şirkət oktyabrın 19-da başqa bir Avropa ölkəsinə PULS sistemləri və EXTRA-MR raketlərinin tədarükü üçün 235 milyon dollarlıq müqavilə bağladığını da açıqlamışdı.
Beləliklə, şirkətin son bir ay ərzində açıqladığı bu iki Avropa müqaviləsinin ümumi dəyəri təxminən 495 milyon dollar təşkil edir.