Pentaqon rəhbəri ona irad tutan əsgəri medalla təltif etdi

Pentaqon rəhbəri Pit Heqset Arlinqton Milli Qəbiristanlığında ona və müşavirlərinə sükut qaydalarını xatırladan hərbçini medalla təltif edib. Nazir əsgərin peşəkarlığını yüksək qiymətləndirib.

13

Pentaqon rəhbəri Pit Heqset Arlinqton Milli Qəbiristanlığında ona və müşavirlərinə xəbərdarlıq edən amerikalı əsgəri medalla təltif edib. Hərbçi bir gün əvvəl Naməlum Əsgərin Məzarı önündə səs-küy salan qrupa sərt şəkildə irad bildirmişdi.

MSNews.az xəbər verir ki, hadisə barədə CBS News və Associated Press məlumat yayıb.

Noyabrın 11-də Veteranlar Günü münasibətilə keçirilən anım mərasimindən sonra Heqset həyat yoldaşı və müşavirləri ilə birlikdə Naməlum Əsgərin Məzarı yaxınlığında xatirə şəkilləri çəkdirib.

Bu zaman qrupdan yüksək səslə danışıq və gülüş eşidilib. Məzarın mühafizəsini həyata keçirən Tomas İqlesias adlı hərbçi dərhal müdaxilə edərək hamıya sükut və hörmət qaydalarını xatırladıb.

“Bütün ziyarətçilər hər zaman sükut və hörmət mühitini qorumalıdırlar!” – deyə əsgər ucadan xəbərdarlıq edib.

Hadisənin videogörüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Noyabrın 12-də isə gözlənilməz hadisə baş verib: Pit Heqset ona xəbərdarlıq edən hərbçini Pentaqona dəvət edərək medalla təltif edib.

Müdafiə naziri Tomas İqlesiasa xidməti vəzifəsini yerinə yetirdiyinə görə “Joint Service Commendation Medal” mükafatını təqdim edib.

Heqset təltifetmə mərasimindən fotoları sosial şəbəkə hesabında paylaşaraq yazıb:

“Biz əsgərlərimizi sevirik. Biz qaydalara hörmət edirik. Əla iş, əsgər! Davam edin, vətənpərvərlər!”

Pentaqonun sözçüsü Şon Parnell də hərbçinin davranışını dəstəkləyərək onun hər kəsə hörmət qaydalarını düzgün və nəzakətli şəkildə xatırlatdığını bildirib.

Qeyd edək ki, Naməlum Əsgərin Məzarı ABŞ-ın ən mühüm hərbi memoriallarından biridir. Abidə 1948-ci ildən etibarən gecə-gündüz xüsusi hərbi keşikçilər tərəfindən mühafizə olunur.