Netanyahu İrana hücumla bağlı Eyzenkotla görüşdü

İsrailin müvəqqəti Baş naziri Benyamin Netanyahu və hökuməti qurmaq səlahiyyəti verilmiş Qadi Eyzenkot Qüdsdə iki saatlıq təhlükəsizlik görüşü keçiriblər. Görüş İranla yeni hərbi qarşıdurma ehtimalı və İsraildə hökumətin formalaşdırılması prosesi fonunda baş tutub.

13

İsrailin müvəqqəti Baş naziri Benyamin Netanyahu və yeni hökuməti formalaşdırmaq səlahiyyəti verilmiş Qadi Eyzenkot İranla bağlı hərbi gərginliyin artdığı bir vaxtda Qüdsdə görüşüblər. Təxminən iki saat davam edən danışıqlarda ölkənin təhlükəsizlik vəziyyəti və diplomatik çağırışlar müzakirə olunub.

MSNews.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” nəşri məlumat yayıb. Görüşün keçirildiyini İsrailin “Ynet” nəşri də təsdiqləyib.

Noyabrın 12-də Netanyahu və Eyzenkotun iştirakı ilə keçirilən görüşə İsrail Baş nazirinin hərbi katibi, general-mayor Qay Markizano da qatılıb.

Tərəflərin birgə açıqlamasında Eyzenkotun İsrailin üzləşdiyi mövcud təhlükəsizlik və diplomatik problemlər barədə məlumatlandırıldığı bildirilib. Zərurət yarandıqda qarşılıqlı məlumat mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.

Görüş İsrailin İrana qarşı yeni hərbi əməliyyatlara başlaya biləcəyi barədə iddiaların yayıldığı dövrə təsadüf edib.

Qadi Eyzenkot daha əvvəl Netanyahunu təcili təhlükə olmadığı halda hərbi əməliyyatlara başlamamağa çağırmışdı. O, keçid hökumətinin belə qərarlarının ölkənin siyasi və təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərə biləcəyini bildirmişdi.

İsrailin 12-ci televiziya kanalının məlumatına görə, Netanyahu görüş zamanı Eyzenkotu İranla bağlı yeni hərbi əməliyyatın zəruriliyinə inandırmağa çalışıb.

Lakin 13-cü televiziya kanalı İsrail ordusunun İrana dərhal zərbə endirilməsini zəruri hesab etmədiyini xəbər verib. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.

İsrailin müdafiə naziri İsrael Kats isə Netanyahu, özü və Baş Qərargah rəisi Eyal Zamirin İran məsələsində eyni mövqedə olduqlarını bəyan edib.

Qeyd edək ki, oktyabrın 27-də keçirilmiş parlament seçkilərindən sonra Prezident İshaq Hersoq hökuməti formalaşdırmaq səlahiyyətini Qadi Eyzenkota verib. Yeni hökumət qurulana qədər Netanyahu müvəqqəti Baş nazir vəzifəsini icra edir.