Malidə aprelin 25-də səhər saatlarında bir neçə hərbi və strateji obyektə eyni vaxtda hücumlar təşkil olunub. Hücumlar paytaxt Bamako yaxınlığındakı Kati əsas hərbi bazası, paytaxt hava limanı ətrafı, həmçinin ölkənin şimal və mərkəzində yerləşən Mopti, Qao və Kidal istiqamətlərini əhatə edib. Mali ordusu daha sonra vəziyyətin nəzarətə götürüldüyünü açıqlayıb.
MSNews.az xəbəri “Reuters”-ə istinadən verir.
BMT-nin təhlükəsizlik qeydlərində hadisələr “eyni vaxtda kompleks hücumlar” kimi xarakterizə olunub. Kati bazası yaxınlığında səhər saat 06:00 radələrində partlayışlar və uzunmüddətli atışma səsləri eşidilib. Bamako hava limanına getməyə çalışan sərnişinlər isə ərazidə güclü atışma və helikopterlərin hərəkəti səbəbindən faktiki döyüş zonasına yaxınlaşdıqlarını bildiriblər.
Hadisələr fonunda Bamako hava limanı bağlanıb, ABŞ səfirliyi vətəndaşlarını sığınacaqda qalmağa çağırıb, Britaniya isə Malidə səyahətlə bağlı xəbərdarlığını yeniləyib. Sevare şəhərində şahidlər küçələrdə intensiv atışmaların olduğunu bildiriblər. Mali ordusu hücumların “naməlum terrorçu qruplar” tərəfindən həyata keçirildiyini açıqlayıb.
Hücumlara görə dərhal məsuliyyəti üzərinə götürən olmayıb. Bununla belə, “Reuters”-ə danışan dörd təhlükəsizlik mənbəsi “Əl-Qaidə” ilə əlaqəli “Camaat Nüsrət əl-İslam vəl-Müslimin” — JNIM qruplaşmasının əməliyyatlarda iştirak etdiyini və Tuareq əsaslı “Azavadın Azadlığı Cəbhəsi” — FLA ilə koordinasiyalı hərəkət etdiyini bildirib. FLA isə Qao və Kidalda bəzi mövqeləri ələ keçirdiyini iddia edib, lakin bu iddialar müstəqil şəkildə təsdiqlənməyib.
Mali müdafiə naziri Sadio Kamara ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılsa da, onun saxlanılması barədə rəsmi təsdiq yoxdur. “Reuters” iki şahidə istinadən Kamaranın Kati şəhərindəki evinin hücum zamanı dağıdıldığını yazıb.
Mali ordusu səhər saatlarında vəziyyətin nəzarətə götürüldüyünü bildirsə də, Qao şəhərində günorta saatlarında da partlayış səslərinin eşidildiyi və əsgərlərlə hücumçular arasında küçə döyüşlərinin davam etdiyi qeyd olunub. Ekspertlər bu hücumları son illərdə Mali hakimiyyətinə qarşı ən böyük koordinasiyalı əməliyyatlardan biri kimi qiymətləndirirlər.
Mali 2012-ci ildən bəri cihadçı qruplaşmalar və Tuareq separatçılarının yaratdığı təhlükəsizlik böhranı ilə üz-üzədir. Ölkədə hərbi rəhbərlik 2020 və 2021-ci illərdə baş verən çevrilişlərdən sonra hakimiyyətə gəlib və təhlükəsizliyi bərpa edəcəyini vəd etsə də, son hücumlar ölkədə sabitliyin hələ də ciddi təhdid altında olduğunu göstərir.