Macarıstanın Baş naziri Peter Madyar Budapeştdə dəmir yolu vağzalında təhqiramiz hücuma məruz qalıb.
MSNews.az xəbər verir ki, hadisə Madyar və nəqliyyat və investisiyalar naziri David Vitezinin Budapeştin Nyugati vağzalında hərəkət etdiyi zaman baş verib. Onlar Rakoşpalota–Uypeşt stansiyasında “Baroş Qabor Dəmir Yollarının İnkişafı Planı”nı təqdim etmək üçün qatarla yola düşməyə hazırlaşırdılar.
Yayılan görüntülərə əsasən, bir nəfər əvvəlcə siyasətçilərə yaxınlaşaraq onların vağzala gəlməsinə etiraz edib. Daha sonra onların yanından keçən həmin şəxs Madyarın kürəyinə tüpürüb.
Baş nazir hadisəyə aqressiv cavab verməyib və hücum edən şəxsə macar dilində “Jó egészséget”, yəni “Canınız sağ olsun” deyib. O, daha sonra hadisəni hakimiyyətdən gedən “Fidesz”in tərəfdarlarının davranışı ilə əlaqələndirən siyasi şərh verib.
Madyar sosial şəbəkədə paylaşdığı açıqlamada baş verənlərə görə qəzəbli olmadığını və həmin şəxs barəsində polisə şikayət etməyəcəyini bildirib. O, hücum edən şəxsi növbəti dəfə narazılığını arxadan deyil, üzbəüz ifadə etməyə çağırıb.
Hadisədən sonra təqdimat planlaşdırıldığı kimi davam etdirilib. Madyar və Vitezi Macarıstanın dəmir yolu infrastrukturunun yenilənməsini nəzərdə tutan onillik inkişaf proqramını ictimaiyyətə təqdim ediblər.