İranın ali hərbi və təhlükəsizlik rəhbərliyində yeni kadr dəyişikliklərinin aparıldığı barədə məlumatlar yayılıb. İddialara görə, keçmiş SEPAH komandanları Möhsən Rezayi və Yəhya Rəhim Səfəvinin səlahiyyətləri yenidən bölüşdürülür.
MSNews.az xəbər verir ki, hazırda etibarlı açıq mənbələr Möhsən Rezayinin İranın Ali Dini Lideri Müctəba Xamneyinin hərbi müşaviri olduğunu təsdiqləyir. “AFP” martın 16-da Rezayinin Xamneyinin sərəncamı ilə bu vəzifəyə gətirildiyini yazmışdı. Rezayi 1981–1997-ci illərdə SEPAH-a rəhbərlik edib və İranın ən nüfuzlu mühafizəkar hərbi-siyasi simalarından biri hesab olunur.
Bununla yanaşı, Möhsən Rezayinin indi İranın Ali Milli Təhlükəsizlik Şurasına və ya Müdafiə Şurasına sədr təyin edilməsi barədə məlumat hələlik rəsmi təsdiqini tapmayıb. Mövcud institusional quruluşa görə Ali Milli Təhlükəsizlik Şurasına Prezident Məsud Pezeşkian sədrlik edir. Məhəmməd Baqir Zülqədr isə martın 24-də şuranın katibi təyin olunub.
İranın ayrıca Müdafiə Şurası isə 2025-ci ildə yaradılıb və onun da formal rəhbəri prezidentdir. Şuranın yaradılması zamanı onun dövlət rəhbərliyi və yüksək rütbəli hərbi komandirlərdən ibarət olduğu açıqlanmışdı.
Yəhya Rəhim Səfəviyə gəlincə, onun Xamneyinin yeganə hərbi müşaviri olması və ya İran ordusuna nəzarət edən yeni şuranın katibi təyin edilməsi barədə məlumatı təsdiqləyən etibarlı rəsmi mənbə hazırda yoxdur. Açıq mənbələr Səfəvini uzun illər ali rəhbərliyin yüksək səviyyəli hərbi müşaviri və keçmiş SEPAH komandanı kimi göstərir.
SEPAH ilə İranın nizami ordusu — Arteş arasındakı güc balansı isə uzun müddətdir İranın təhlükəsizlik sisteminin əsas məsələlərindən biridir. SEPAH yalnız hərbi qüvvə deyil, eyni zamanda İranın siyasi və təhlükəsizlik qərarlarının formalaşdırılmasında mühüm təsirə malik institutdur. Buna görə keçmiş SEPAH komandirlərinin ali hərbi postlarda mövqelərinin gücləndirilməsi, təsdiqlənəcəyi təqdirdə, qurumun dövlət təhlükəsizlik sistemindəki rolunun daha da artması kimi qiymətləndirilə bilər.