Litva Rusiya taxılının Baltik limanlarından ixracının dayandırılmasını istəyir

Litva prezidentinin müşaviri Asta Skaysgirite Rusiya taxılının Litva və digər Baltik dənizi Aİ ölkələrinin limanlarından ixracına imkan verilməməsi üçün regional həll tapmağa çağırıb. Latviya isə Rusiya və Belarus taxılına 300 faizlik rüsum planlaşdırır.

77

Litva Rusiya taxılının ölkənin və digər Baltik dənizi Aİ dövlətlərinin limanlarından dünya bazarlarına çıxarılmasının qarşısını almaq üçün regional həll hazırlanmasına çağırıb. Bununla belə, hazırda Rusiya taxılının Aİ ərazisindən tranziti ümumi şəkildə qadağan edilməyib.

MSNews.az xəbər verir ki, Litva prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri Asta Skaysgirite məsələni hökumət və Klaipeda limanında fəaliyyət göstərən şirkətlərlə müzakirə etməyin vacib olduğunu bildirib.

Bu barədə “LRT” məlumat yayıb.

Skaysgiritenin sözlərinə görə, məsələ təkcə hüquqi deyil, həm də siyasi xarakter daşıyır. O vurğulayıb ki, Aİ ölkələri Rusiyanın hərbi imkanlarını maliyyələşdirən gəlirləri azaltmağa çalışırsa, Rusiya məhsullarının daşınmasında iştirak edib-etməmək məsələsini də qiymətləndirməlidir. Müşavir ən effektiv variantın ayrı-ayrı ölkələrin deyil, Baltik regionunun ortaq qərarı olacağını bildirib.

Müzakirələr Rusiya taxılının Kalininqrad vilayətindən Baltik limanlarına yönəldilməsinin artması fonunda intensivləşib. “LRT”-nin məlumatına görə, 2026-cı ilin ilk səkkiz ayında Klaipeda limanında 47 min ton Rusiya mənşəli taxıl, əsasən qarğıdalı aşırılıb. Yüklər limana Kalininqraddan dəmir yolu ilə gətirilib.

Litva eyni zamanda Rusiyadan və Belarusdan tranzitlə gətirilən bütün taxıl yüklərinin mənşəyinin yoxlanılmasını gücləndirib. Səbəb bəzi partiyalarda Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən götürülmüş taxılın ola biləcəyinə dair şübhələrdir. Bir yükdən götürülmüş nümunələrin xarici laboratoriyada yoxlanılması qərara alınıb.

Latviya hökuməti isə sentyabrın 7-də Rusiya və Belarusdan gətirilən taxılın idxalı və ölkə daxilində emalına 300 faizlik tarif tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Baş nazir Andris Kulbergs həmçinin Baltik ölkələrinin Rusiya taxılı üçün regional logistika infrastrukturu kimi istifadə olunmasının qarşısını almaq istədiklərini bildirib. Bu barədə “Reuters”“LRT” məlumat yayıb.

Lakin Litvanın kənd təsərrüfatı naziri Kyastutis Majeyka mühüm hüquqi fərqə diqqət çəkib. Onun sözlərinə görə, Latviyanın nəzərdə tutduğu 300 faizlik rüsum birbaşa tranzit yüklərinə eyni formada tətbiq edilə bilməz. Nazir bu tədbirin tranzitə şamil edilməsi kimi təqdim olunmasını ya “PR aksiyası”, ya da hüquqi mexanizmin yanlış başa düşülməsi adlandırıb.

Skaysgirite də hazırkı hüquqi vəziyyətdə Rusiya taxılının Aİ limanları vasitəsilə tranzitinin özlüyündə qanunsuz olmadığını etiraf edib. Rusiya ərzaq məhsullarının Aİ bazarına daxil olmasını məhdudlaşdırmaq üçün yüksək tariflər tətbiq edilsə də, bu mexanizm üçüncü ölkələrə gedən tranzit yükləri tam əhatə etmir. Buna görə Vilnüs məsələni Baltik ölkələri və mümkün qədər Aİ səviyyəsində həll etməyə çalışır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.