Polşa Seymində Ukraynanın tarixi siyasəti və Aİ-NATO perspektivi ilə bağlı qalmaqallı müzakirə yaşanıb.
MSNews.az xəbər verir ki, “Hüquq və Ədalət” Partiyasının deputatı Dariuş Matetski Seym tribunasından çıxışı zamanı Ukraynanı sərt tənqid edib. “Wprost” yazır ki, Matetski Ukraynanın “polşalı mülki şəxslərin qatillərini qəhrəmanlaşdırdığını” iddia edib və Polşanın belə bir dövlətə yardım etmək öhdəliyi olmadığını bildirib.
Müzakirə Seymdə prezidentin IPN haqqında qanun və Cinayət Məcəlləsinə dəyişiklik layihəsinin birinci oxunuşu zamanı baş tutub. “Bankier.pl” Polşa Mətbuat Agentliyinə istinadən yazır ki, layihə Volın və Şərqi Qalisiya hadisələrinin Polşa qanunvericiliyində “soyqırımı” kimi daha dəqiq ifadə olunmasını nəzərdə tutur.
Matetski çıxışında Ukraynada “milli qəhrəmanlar panteonu” yaradılması və Stepan Bandera ilə bağlı müzakirələri tənqid edib. “Onet”-in məlumatına görə, deputat “Polşa Ukraynaya qəhrəman seçməyəcək, amma polşalı mülki şəxslərin qatillərini qəhrəman seçən dövlətə kömək etmək məcburiyyətində deyil” deyib.
Çıxış zamanı Seym marşalı Vlodzimej Çarjastı Matetskini gündəlikdəki mövzudan yayınmamağa çağırıb. Buna baxmayaraq, deputat çıxışını davam etdirib və “ukraynalılar qanlı yaba ilə Aİ və NATO-ya daxil olmayacaqlar” məzmunlu ifadə işlədib. “Onet” və “Wprost”un məlumatına görə, bundan sonra Seym marşalı onun mikrofonunu söndürüb.
Müzakirə zamanı hakim koalisiyadan olan deputat Katarjina Krolak isə Polşa-Ukrayna münasibətlərində nifrətin artmasının Rusiyanın maraqlarına xidmət etdiyini bildirib. “Onet” yazır ki, Krolak “Polşa və Ukrayna nifrətə qapılanda bundan kim sevinir? Rusiya” ifadəsini işlədib və əsas məsələlərdə Varşava ilə Kiyevin vahid mövqe sərgiləməsinin vacibliyini vurğulayıb.
Polşa siyasətində Volın qırğını və UPA mövzusu Varşava-Kiyev münasibətlərində ən həssas məsələlərdən biri olaraq qalır. Ukrayna tərəfi Matetskinin son çıxışına hələlik rəsmi münasibət bildirməyib.