Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukrayna müharibəsinin həlli ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu, lakin Rusiyanın əsas mövqelərinin dəyişmədiyini bildirib.
MSNews.az xəbər verir ki, Lavrov sentyabrın 15-də Moskvada xarici diplomatik korpusun nümayəndələri ilə keçirilən dəyirmi masada çıxışı zamanı ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin son Moskva səfərinə toxunub. “Anadolu Agentliyi” yazır ki, Lavrov mümkün yeni danışıqlarda Moskvanın “deyəcək sözünün olduğunu” bildirib.
“Biz heç vaxt danışıqlardan imtina etməmişik. İndiyədək keçirilən danışıqlar da bizim təşəbbüsümüzlə dayandırılmayıb. Əgər həmkarlarımız hazırdırsa, düşünürəm ki, onları tam şəkildə bərpa etmək olar”, – Lavrov deyib.
Uitkoff və Kuşner sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təxminən üç saatlıq görüş keçirib, daha sonra Kiyevə yollanıblar. “Reuters” bildirir ki, bu, onların fevraldan bəri Moskvaya ilk, Ukrayna paytaxtına isə ilk birgə səfəri olub. ABŞ vasitəçiliyi ilə son üçtərəfli danışıqlar fevralda Cenevrədə keçirilmişdi.
Lavrov bildirib ki, Rusiya danışıqlar çərçivəsində “ağlabatan kompromislər” axtarmağa hazırdır, lakin təhlükəsizliklə bağlı əsas tələblərindən, o cümlədən Ukraynanın NATO-ya üzvlüyünə qarşı mövqeyindən geri çəkilmək niyyətində deyil. O, həmçinin danışıqlar aparılacağı təqdirdə Rusiyanın hərbi əməliyyatları dayandırmayacağını deyib. Bunlar Moskvanın mövqeyidir.
Rusiya xarici işlər naziri müharibənin əvvəlindən Moskvanın elan etdiyi məqsədlərin dəyişmədiyini vurğulayıb. Rusiya bu məqsədləri təhlükəsizlik zəmanətləri, Ukraynanın NATO-dan kənarda saxlanılması və digər tələblərlə əsaslandırır. Kiyev isə Rusiyanın ərazi tələblərini rədd edir və istənilən razılaşmanın Ukraynanın suverenliyi və təhlükəsizliyini təmin etməli olduğunu bildirir. Tərəflər arasında, xüsusilə işğal olunmuş ərazilərin gələcək statusu ilə bağlı ciddi fikir ayrılıqları qalır.
Kiyev də yeni danışıqların mümkünlüyünü istisna etmir. Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov sentyabrın 12-də Ukraynanın ABŞ və Rusiyanın iştirakı ilə oktyabrda üçtərəfli danışıqların bərpasına hazırlaşdığını bildirib. Kreml isə danışıqlara açıq olduğunu desə də, görüşün vaxtı və məkanı ilə bağlı hələ yekun razılaşmanın olmadığını açıqlayıb.