Yunanıstanda aviaşou faciəsi: F-4 Phantom qəzaya uğradı, iki pilot öldü

Athens Flying Week zamanı Yunanıstan Hərbi Hava Qüvvələrinin F-4E Phantom II təyyarəsi Tanaqra yaxınlığında qəzaya uğrayıb. Hər iki pilot həlak olub, qəzanın səbəbləri araşdırılır.

69

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-4E Phantom II döyüş təyyarəsi “Athens Flying Week 2026” aviaşousu zamanı qəzaya uğrayıb, ekipajın hər iki üzvü həlak olub. MSNews.az xəbər verir ki, qəza sentyabrın 5-də Tanaqra aviabazasının yaxınlığında baş verib. “Yunanıstan Müdafiə Nazirliyi” hadisədən sonra Silahlı Qüvvələrdə üç günlük matəm elan edib.

Yunanıstan Hərbi Hava Qüvvələrinin açıqlamasına əsasən, 338-ci eskadrilyanın 117-ci döyüş qanadına məxsus F-4E Phantom II yerli vaxtla saat 14:55-də, “Athens Flying Week” proqramında iştirak edərkən Tanaqradakı 114-cü döyüş qanadından təxminən üç dəniz mili cənub-şərqdə yerə çırpılıb.

Qəza nəticəsində təyyarənin iki pilotu — 40 yaşlı İoannis Blesias və 37 yaşlı Dimitrios Petrou həyatını itirib. Onların adları Yunanıstan Hərbi Hava Qüvvələri tərəfindən rəsmən açıqlanıb.

“Athens Flying Week” təşkilatçıları qəzanın ardından aviaşounun qalan uçuş proqramının ləğv edildiyini bildiriblər. Təyyarənin yerə çırpılmasından sonra ərazidə yanğın da başlayıb.

Yunanıstanın müdafiə naziri Nikos Dendiasın qərarı ilə 5-7 sentyabr tarixlərində ölkənin Silahlı Qüvvələrində üç günlük matəm elan olunub.

Qəzanın dəqiq səbəbi hələ məlum deyil. “News247” və digər Yunanıstan mediası Hərbi Hava Qüvvələrinin hadisənin səbəblərini araşdırmağa başladığını bildirir. Mətbuatda texniki nasazlıq və quşlarla toqquşma kimi müxtəlif versiyalar səsləndirilsə də, bunların heç biri hələ rəsmi şəkildə təsdiqlənməyib.

“Athens Flying Week 2026” sentyabrın 5-6-da Tanaqra aviabazasında keçirilməli idi. Faciədən sonra uçuş nümayişlərinin qalan hissəsi dayandırılıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.