Slovakiya Baş naziri Robert Fitso Avropa Parlamenti ilə bağlı mübahisədə Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini dəstəkləyib. Fitso mayın 9-da Moskva, İrəvan və Bavariya səfərlərindən sonra hökumət təyyarəsinin göyərtəsindən yayımladığı videomüraciətdə Azərbaycan mövzusuna da toxunub.
Slovakiya Baş naziri bildirib ki, İrəvanda Azərbaycanın suveren siyasətinin şahidi olub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Avropa Parlamentini tənqid etməsi əsaslı idi. “Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentini kəskin tənqid etdi və bu, həqiqət idi”, — deyə Fitso qeyd edib.
Fitso vurğulayıb ki, Avropa Parlamenti başqa ölkələrin daxili işlərinə qarışmaq əvəzinə, ilk növbədə Avropanın öz problemləri ilə məşğul olmalıdır. Slovakiya Baş naziri eyni mesajı Avropa Parlamentinin Slovakiya üçün nəzərdə tutulan fondları dondurmaq cəhdləri ilə bağlı da ünvanladığını bildirib.
Açıqlama İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitindən sonra verilib. Həmin tədbirdə Prezident İlham Əliyev videobağlantı formatında çıxış etmiş, Avropa Parlamentinin Azərbaycanla bağlı mövqeyini sərt tənqid etmişdi. “Euronews” yazır ki, sammit zamanı Azərbaycan Prezidenti ilə Avropa Parlamenti Prezidenti Roberta Metsola arasında gərginlik yaranmış, Əliyev Avropa Parlamentini Azərbaycan haqqında “böhtan və yalanlar” yaymaqda ittiham etmişdi.
Prezident İlham Əliyev də Robert Fitsonun açıqlamasına münasibət bildirib. Dövlət başçısı “X” hesabında Slovakiya Baş nazirinə Azərbaycanla bağlı “doğru və dəyərli sözlərinə” görə təşəkkür edib.
Fitsonun mövqeyi Bakı ilə Bratislava arasında siyasi dialoqun gücləndiyi dövrə təsadüf edir. Slovakiya Baş nazirinin Avropa Parlamenti ilə bağlı tənqidləri həm Azərbaycan, həm də Slovakiya kontekstində Brüssel institutlarının üzv və tərəfdaş ölkələrin daxili siyasətinə təsiri barədə müzakirələri yenidən gündəmə gətirib.