İsrailin sabiq Baş naziri və hazırda ana müxalifət lideri olan Yair Lapid Türkiyə və Qətərin Qəzza zolağında artan roluna qarşı çıxdığını açıqlayaraq, bölgədə yeni dövrdə formalaşan vəziyyəti İsrail hökumətinin ciddi siyasi uğursuzluğu kimi qiymətləndirib.
İsrail dövlət televiziyası KAN-a müsahibə verən Lapid ABŞ Prezidenti Donald Trampın İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində elan etməyi planlaşdırdığı yeni beynəlxalq mexanizmlə bağlı fikirlərini bölüşüb. Lapid Trampın Birləşmiş Millətlər Təşkilatına alternativ olaraq irəli sürdüyü və “Qəzza Sülh Şurası” adlandırılan təşəbbüsə prinsip etibarilə müsbət yanaşdığını bildirib və bu ideyanın müzakirəyə dəyər olduğunu vurğulayıb. Bununla belə o, Qəzzada Türkiyə və Qətərin ön plana çıxmasından ciddi narahatlıq keçirdiyini gizlətməyərək, hazırkı vəziyyətdə bu iki ölkənin Qəzza zolağı üzərində faktiki nəzarət imkanları əldə etdiyini deyib.
Lapid bu mənzərəni İsrailin mövcud hökumətinin, xüsusilə Baş nazir Benyamin Netanyahu administrasiyasının açıq siyasi uğursuzluğu kimi dəyərləndirib və hökumətin regional diplomatiyada nəzarəti itirdiyini iddia edib. Qəzza üçün yaradılan yeni mexanizmə dair məlumatlara görə, BMT Təhlükəsizlik Şurası 17 noyabr 2025-ci il tarixli 2803 saylı qətnamə ilə Donald Trampın 29 sentyabr 2025-ci ildə açıqladığı “Qəzza Münaqişəsini Sona Çatdırmaq üçün Əhatəli Plan”ı dəstəkləmək barədə qərar qəbul edib. Bu qərar çərçivəsində Trampın sədrliyi ilə “Sülh Şurası” yaradılıb və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzanın yenidən qurulması və təhlükəsizliyinə cavabdeh olan bu quruma qurucu üzv kimi dəvət edilib.
Diplomatik mənbələrin verdiyi məlumata əsasən, yeni struktur üç əsas orqandan ibarətdir və bunlara Sülh Şurası, Sülh İdarə Heyəti və Qəzza İdarə Heyəti daxildir.
Sülh Şurasının nizamnaməsində təşkilatın məqsədi münaqişədən zərər çəkmiş bölgələrdə sabitliyin təmin edilməsi, hüquqi və effektiv idarəçiliyin bərpası və davamlı sülhün qurulması kimi təqdim olunur. Sənəddə BMT-yə dolayı tənqidlər də yer alır və vurğulanır ki, sülhün inşası üçün daha çevik və təsirli beynəlxalq mexanizmə ehtiyac var, çünki dəfələrlə uğursuz olmuş institutlarla davam etmək qalıcı nəticə vermir.
Davosda keçirilən zirvə zamanı “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində çıxış edən Donald Tramp Qəzzada əldə ediləcək uğurun gələcəkdə digər münaqişə bölgələri üçün də nümunə ola biləcəyini bildirib və bu prosesdə böyük uğur qazanacaqlarına inandığını vurğulayıb.