ABŞ Omanı Hörmüz boğazı ilə bağlı xəbərdar etdi

ABŞ maliyyə naziri Skott Bessent Omanı Hörmüz boğazından keçid üçün rüsum sisteminə dəstək verməmək barədə xəbərdar edib. Vaşinqton İranın mümkün ödəniş sxemində iştirak edən tərəflərə sanksiya tətbiq edəcəyini bildirib.

15

ABŞ Oman Sultanlığına Hörmüz boğazından keçid üçün ödəniş sistemi yaradılması ehtimalı ilə bağlı sərt xəbərdarlıq edib.

Reuters” xəbər verir ki, ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun Hörmüz boğazında hər hansı rüsum mexanizminə qarşı olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ hökuməti strateji su yolundan keçid üçün ödəniş sistemi yaratmağa yönəlmiş heç bir cəhdi qəbul etməyəcək.

Bessent xüsusilə Omanı xəbərdar edərək bildirib ki, ABŞ Maliyyə Nazirliyi boğazdan keçid haqqının yığılmasına birbaşa və ya dolayı şəkildə kömək edən bütün iştirakçılara qarşı sərt tədbirlər görəcək. O vurğulayıb ki, İranın bu prosesdə iştirak edən hər hansı tərəfdaşı cəzalandırılacaq.

ABŞ Maliyyə Nazirliyinin rəsmi açıqlamasında da İranın “Fars Körfəzi Boğaz İdarəsi” adlandırdığı quruma qarşı sanksiyalar tətbiq edildiyi bildirilib. Nazirlik bu qurumu İran İnqilab Keşikçiləri Korpusunun Hörmüz boğazından keçən gəmilərdən pul toplamaq cəhdi kimi qiymətləndirib.

Bessent sosial şəbəkədəki açıqlamasında bütün ölkələri İranın qlobal ticarətin sərbəst axınına mane olmaq cəhdlərini rədd etməyə çağırıb. O bildirib ki, Vaşinqton Hörmüz boğazının beynəlxalq ticarət və enerji daşımaları üçün açıq qalmasını strateji prioritet sayır.

The National” yazır ki, Bessent Oman səfiri ilə telefon danışığı apardığını və Maskatın boğazdan keçid üçün rüsum tətbiq etmək planı olmadığını Vaşinqtona bildirdiyini deyib. Bununla belə, ABŞ tərəfi Oman daxil olmaqla bütün dövlət və kommersiya qurumlarına İranın mümkün ödəniş sxemində iştirak etməmək barədə xəbərdarlıq edib.

Al Jazeera”nin məlumatına görə, xəbərdarlıq İranın Hörmüz boğazından keçidlər üçün ödəniş mexanizmi yaratmaq və Omanla bu sahədə əməkdaşlıq etmək ehtimalı barədə məlumatlar fonunda səslənib. Tehran daha əvvəl Omanla münasibətlərinin ənənəvi olaraq yaxşı olduğunu, boğazdan gəmi keçidləri məsələsində Maskatla əməkdaşlığa hazır olduğunu və mümkün rüsum gəlirlərini bölüşə biləcəyini bildirmişdi.

Hörmüz boğazı qlobal enerji təhlükəsizliyi baxımından dünyanın ən mühüm su yollarından biri hesab olunur. Dünyada dənizlə daşınan neftin böyük hissəsi məhz bu marşrutdan keçir. Bu səbəbdən Vaşinqton boğazda əlavə rüsum, icazə və ya nəzarət mexanizmlərinin yaradılmasını beynəlxalq ticarət üçün ciddi risk kimi qiymətləndirir.