ABŞ Prezidenti Donald Trampın administrasiyası Çin istehsalı olan yeni məlumat mərkəzi avadanlıqlarının ölkəyə idxalını qadağan etməyə hazırlaşır.
MSNews.az xəbər verir ki, “Reuters” məsələdən məlumatlı dörd mənbəyə istinadən Federal Rabitə Komissiyasının Çin istehsalı yeni optik ötürücülərə qarşı məhdudiyyət hazırladığını yazıb. Qaydanın ilin sonunadək açıqlanması nəzərdə tutulsa da, layihə dəyişdirilə və ya dayandırıla bilər.
Vaşinqton bu avadanlıqların məlumat oğurluğu, zərərli proqramların yerləşdirilməsi və süni intellekt məlumat mərkəzlərinin fəaliyyətinin pozulması üçün istifadə oluna biləcəyindən ehtiyatlanır. Ağ Ev və FRK məsələni hələlik rəsmən şərh etməyib.
Qadağanın qlobal optik ötürücü bazarının 27 faizinə nəzarət edən “Zhongji Innolight”a ciddi təsir göstərəcəyi bildirilir. Çin səfirliyi isə ittihamları rədd edərək ölkənin maraqlarına zərər vurulacağı halda cavab tədbirlərinin görüləcəyini açıqlayıb.