İtaliyada seksual cinayətlər törədən şəxslərə qarşı “kimyəvi kastrasiya” adlandırılan androgen blokadasının mümkün tətbiqinin araşdırılması barədə 2024-cü ildə qəbul edilmiş parlament qərarı yenidən gündəmə gəlib.
MSNews.az xəbər verir ki, İtaliya Deputatlar Palatası 18 sentyabr 2024-cü ildə hökuməti seksual zorakılıq və digər ağır seksual cinayətlər üzrə xüsusi komissiya və ya texniki qrup yaratmağa çağıran sənədi dəstəkləyib.
Rəsmi sənədə əsasən, məqsəd məhkumların öz razılığı ilə psixiatrik və farmakoloji müalicə proqramlarına qoşulmasının mümkünlüyünü qiymətləndirməkdir. Buraya androgenlərin təsirini bloklayan preparatlarla müvəqqəti və geri dönən müalicə də daxil ola bilər. Təklifin əsas məqsədi təkrar seksual cinayət riskini azaltmaqdır.
Sənəd hakim koalisiyanın üzvü olan “Lega” partiyasından deputat İqor İezzi tərəfindən təqdim edilib. Hökumət parlament müzakirəsi zamanı təklifə müsbət rəy verib.
“ANSA” həmin vaxt yazırdı ki, plan seksual zorakılığa görə məhkum edilmiş şəxslər üçün androgenlərin tam blokadasını nəzərdə tutan farmakoloji müalicə imkanının araşdırılmasına yönəlmişdi. Müalicənin könüllü və geri dönən olması xüsusi vurğulanırdı.
Həmçinin məsələ yalnız pedofiliya ilə məhdudlaşmırdı. Rəsmi sənəddə seksual zorakılıq və seksual motivli digər ağır cinayətlərdən məhkum olunmuş şəxslər nəzərdə tutulurdu.