MSNews.az xəbər verir ki, Rusiyada dövlətə xəyanət, casusluq, xarici dövlətlə konfidensial əməkdaşlıq və “düşmənə yardım” ittihamları üzrə məhkəmə hökmlərinin sayı 2025-ci ildə rekord həddə çatıb.
Müstəqil “Mojem obyasnit” layihəsi bu tendensiyanı Stalin dövrünün sərt məhkəmə praktikası ilə müqayisə edib.
Hüquq müdafiə layihəsi “Pervıy otdel” üçün “Parubets Analytics” tərəfindən hazırlanmış araşdırmaya görə, 2025-ci ildə Rusiya məhkəmələri bu kateqoriyaya aid maddələr üzrə 468 nəfər barəsində hökm çıxarıb. “Meduza” da həmin araşdırmaya istinadən yazır ki, bu göstərici Rusiya Cinayət Məcəlləsinin 1997-ci ildən qüvvəyə minməsindən bəri ən yüksək rəqəmdir.
Araşdırmada qeyd olunur ki, azı 420 nəfər hələ də istintaq altındadır, 179 nəfərin işi isə artıq məhkəmələrə göndərilib. 2025-ci ilin dekabrına olan məlumata görə, dövlətə xəyanət, casusluq və əlaqəli maddələr üzrə cinayət işlərində ümumilikdə ən azı 1627 nəfərin adı keçir. Onların 564 nəfərinin Ukrayna vətəndaşı olduğu bildirilir.
“ConsultantPlus” portalında dərc edilən Rusiya Cinayət Məcəlləsinin müvafiq fəslinə əsasən, bu kateqoriyaya 275-ci maddə — dövlətə xəyanət, 275.1-ci maddə — xarici dövlət və ya təşkilatla konfidensial əməkdaşlıq, 276-cı maddə — casusluq, 276.1-ci maddə isə “düşmənə yardım” ittihamı daxildir.
“Reuters” daha əvvəl yazırdı ki, Rusiyada dövlətə xəyanət işləri adətən qapalı məhkəmə prosesləri şəklində keçirilir və bu cür işlər nadir hallarda bəraətlə nəticələnir. Hüquq müdafiəçilərinin fikrincə, məhkəmə proseslərinin qapalı aparılması ictimai nəzarət imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
“Pervıy otdel”in məlumatına görə, 2025-ci ildə bu maddələr üzrə bəraət hökmləri qeydə alınmayıb. Araşdırmaçılar bildirirlər ki, işlərin bir hissəsi məxfi saxlanıldığı üçün real rəqəmlər açıqlanan göstəricilərdən daha yüksək ola bilər.