Yaxın Şərqdə davam edən hərbi qarşıdurmanın əhatə dairəsi genişləndikcə prosesə birbaşa və dolayı şəkildə bağlı olan dövlətlərin, kommersiya strukturlarının və qeyri-dövlət aktorlarının sayı da artır.
Siyasi araşdırmaçı Pərviz Əliyev hesab edir ki, hazırkı mərhələdə diqqəti yalnız İran-Husi-Səudiyyə Ərəbistanı qarşıdurmasına yönəltmək kifayət etmir. Onun fikrincə, baş verənlər regionun gələcək təhlükəsizlik və iqtisadi arxitekturası uğrunda daha böyük mübarizənin elementlərini daşıyır.
Son günlər Səudiyyə Ərəbistanının rəsmisi Rayed Krimli İranı Husilərin hücumlarını təşviq etməkdə ittiham edib, eyni zamanda Rusiya və Çində yerləşən müəyyən qurumların texnoloji imkanlar vasitəsilə Tehran və Husilərə dolayı dəstək verə biləcəyini bildirib. Çin mənşəli komponentlərin Husi raket və pilotsuz sistemlərində istifadəsinə dair məlumatlar da son araşdırmalarda yer alıb. Pekin isə hərbi ixrac qaydalarına əməl etdiyini bildirir.
“Əsas məqam Moskva və Pekinin birbaşa ittiham olunması deyil. Riyadın artıq Çin və Rusiyada fəaliyyət göstərən strukturların münaqişədəki mümkün rolunu açıq şəkildə gündəmə gətirməsidir. Bu, qarşıdurmanın regional çərçivədən çıxmasının növbəti göstəricisidir”.
Əliyevin fikrincə, Husilərin son hücum imkanları da bu prosesin miqyasını göstərir. Son həftələrdə Səudiyyə Ərəbistanının hava limanları, Aramco infrastrukturu və digər strateji obyektləri raket və dron hücumlarının hədəfinə çevrilib.
“Müharibəyə yeni aktorlar daxil olur”
Araşdırmaçı İraqda yeddi Ukrayna vətəndaşının Körfəz ölkələrinin neft obyektlərinə mümkün hücum hazırlığında şübhəli bilinərək saxlanılması barədə yayılan məlumatlara da diqqət çəkir.
Bu iddia hazırda “The Cradle”ın İraq mənbələrinə əsaslanan eksklüziv məlumatına söykənir və müstəqil mənbələrlə təsdiqlənməyib. Nəşrin məlumatına görə, həmin şəxslər iyul ayında saxlanılıblar.
“Əgər bu məlumat təsdiqlənərsə, Ukrayna müharibəsi ilə Yaxın Şərq qarşıdurmasının müxtəlif səviyyələrdə bir-birinə toxunduğunu göstərən daha bir detal ortaya çıxacaq. Münaqişələrin coğrafiyası ayrı olsa da, iştirakçı şəbəkələri getdikcə bir-birinə qarışır”.
Pərviz Əliyevin fikrincə, problem də məhz bundan ibarətdir: hər yeni aktor münaqişəyə öz maraqları ilə daxil olur və həmin maraqlar çox vaxt Yəmən və ya Fars körfəzi sərhədlərini aşır.
Əsas risk neft monarxiyaları üçündür
Əliyev hesab edir ki, Yaxın Şərqdə mövcud təhlükəsizlik sisteminin dağılmasından ən böyük zərəri paradoksal şəkildə Körfəz monarxiyaları görə bilər.
“Onilliklər ərzində nəhəng enerji infrastrukturu, suveren sərvət fondları və maliyyə mərkəzləri müəyyən təhlükəsizlik zəmanətləri üzərində qurulub. İndi həmin zəmanətlərin əvvəlki qədər işləmədiyi görünür”.
Husilərin raket və dronlarının Səudiyyənin əsas strateji obyektlərinə çatması Riyadın böyük həcmdə hərbi xərclərinə baxmayaraq, asimmetrik təhdidlər qarşısında müdafiə sistemlərinin məhdudiyyətlərini də ortaya çıxarıb.
Araşdırmaçı bunu 1970-ci illərdəki enerji böhranından sonra baş verən dəyişikliklərlə müqayisə edir.
“Tarixi paralel eyni ssenarinin təkrarlanacağı demək deyil. Amma enerji axınlarının pozulması, maliyyənin yenidən bölüşdürülməsi və təhlükəsizlik təminatçılarının dəyişməsi baxımından oxşar mexanizmləri görmək mümkündür”.
Müharibədən sonrakı əsas mübarizə nə uğrunda olacaq?
Əliyevin fikrincə, gələcək danışıqların əsas mövzusu yalnız Yəməndə atəşkəs və ya İranın regional təsiri olmayacaq.
“Əsas müzakirə neft və qazdan daha böyük ola bilər. Söhbət Yaxın Şərqin gələcək təhlükəsizlik sistemini kimin quracağından və nəhəng enerji-maliyyə resursları üzərində hansı dövlətlərin daha böyük təsir əldə edəcəyindən gedəcək”.
O hesab edir ki, buna görə də hazırkı hücumların özündən çox “müharibə kraterinin” hansı istiqamətlərə genişləndiyinə baxmaq lazımdır.
“Bu gün Rusiya, Çin, İran, ABŞ, Avropa ölkələri, Körfəz monarxiyaları və müxtəlif qeyri-dövlət aktorlarının maraqları eyni münaqişə məkanında kəsişməyə başlayır. Savaşın təhlükəsi də bundadır: hər yeni oyunçu onun bitməsini çətinləşdirir və müharibədən sonrakı bölgünün qiymətini yüksəldir”.
Pərviz Əliyevin qənaətinə görə, Yaxın Şərqdə gedən proseslər təkcə mövcud müharibələrin davamı deyil, regionun enerji, maliyyə və təhlükəsizlik sisteminin yenidən formalaşmasının ilkin mərhələsi kimi də qiymətləndirilə bilər.