Serbiya Prezidenti Aleksandar Vuçiç ölkə parlamentinin buraxılması və növbədənkənar parlament seçkilərinin 25 oktyabr 2026-cı ildə keçirilməsi barədə qərar qəbul edib. Seçkilər əvvəlcədən nəzərdə tutulan 2027-ci ilin dekabrından bir ildən çox əvvəl keçiriləcək.
MSNews.az xəbər verir ki, Vuçiç daha əvvəl dövlət televiziyası RTS-in efirində hökumətin parlamentin buraxılması ilə bağlı əsaslandırılmış təklifini aldığını və bunun ardınca iki qərar — Milli Assambleyanın buraxılması haqqında fərman və növbədənkənar seçkilərin təyin edilməsi barədə sənəd imzalayacağını açıqlamışdı.
“Seçkilər Serbiyada oktyabrın 25-də keçiriləcək”, — Vuçiç bildirib. Serbiya qanunvericiliyinə əsasən, parlament seçkiləri prezident tərəfindən təyin edilir və seçkilərin elan edilməsi ilə səsvermə günü arasında 45 gündən az, 60 gündən çox müddət ola bilməz.
“Reuters” yazır ki, növbədənkənar seçki qərarı Serbiyada təxminən iki ildir davam edən tələbə rəhbərliyindəki hökumət əleyhinə etirazlar fonunda verilib. Etirazlar 2024-cü ilin noyabrında Novi Sad dəmir yolu stansiyasında beton örtüyün uçması və 16 nəfərin həlak olmasından sonra başlamışdı. Etirazçılar faciəni korrupsiya və dövlət nəzarətindəki nöqsanlarla əlaqələndirirlər; Vuçiç və müttəfiqləri ittihamları rədd edirlər.
Seçkilərin Vuçiçin siyasi gələcəyi baxımından da xüsusi əhəmiyyəti var. Hakim Serbiya Tərəqqi Partiyası — SNS onu qarşıdakı seçkilərdən sonra baş nazir postuna namizəd kimi irəli sürüb. Vuçiç daha əvvəl prezident vəzifəsindən ayrılacağını bildirmişdi və bundan sonra hökumətə rəhbərlik etməsi ssenarisi müzakirə olunur.
Serbiyanın Avropa İttifaqına inteqrasiya kursunun davam edib-etməyəcəyi də seçkilərin əsas xarici siyasət mövzularından biri olacaq. Vuçiç iyulda Aİ-yə namizəd ölkələrin toplantısında Avropa istiqamətinin Qərbi Balkanlar üçün ən yaxşı seçim olaraq qaldığını bildirmiş, eyni zamanda yaxın illərdə İttifaqın sürətli genişlənməsinə nikbin yanaşmadığını demişdi.
Serbiya 2012-ci ildən Aİ-yə namizəd ölkədir. Bununla belə, Brüssel Belqraddan məhkəmə sistemi, korrupsiya ilə mübarizə, seçki prosesləri və Aİ-nin xarici siyasətinə uyğunlaşma istiqamətində əlavə islahatlar tələb edir.