İsveçrə Baş Qərargah rəisi: Ölkəmiz tammiqyaslı hücuma qarşı müdafiə oluna bilmir

İsveçrə müdafiə naziri Tomas Suessli ölkənin tammiqyaslı hücumlara qarşı müdafiə oluna bilmədiyini və müdafiə xərclərinin artırılmasının vacib olduğunu açıqlayıb.

57

İsveçrə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Tomas Suessli ölkənin tammiqyaslı hücumlara qarşı müdafiə oluna bilmədiyini və artan təhlükələr fonunda müdafiə xərclərinin artırılmasının vacib olduğunu bildirib. Bu barədə Suessli “NZZ” qəzetinə danışıb.

Suessli qeyd edib ki, İsveçrə kritik infrastruktura yönələn qeyri-dövlət aktorlarının hücumlarına və kiber hücumlara hazırdır, lakin ordu hələ də ciddi avadanlıq çatışmazlığı ilə üzləşir.

“Bizim edə bilmədiyimiz şey, ölkəmizə uzaqdan ediləcək təhdidlərə və ya tammiqyaslı hücumlara qarşı müdafiədir,” – deyə, bu ilin sonunda vəzifəsini tərk edəcək Suessli bildirib.

O, həmçinin vurğulayıb ki, real fövqəladə vəziyyətdə yalnız hər üç əsgərdən biri tam təchiz olunmuş olacaq.

İsveçrə müdafiə xərclərini artırır, artilleriya və yerüstü sistemləri modernləşdirir və köhnəlmiş döyüş təyyarələrini “Lockheed Martin F-35A” ilə əvəzləməyi planlaşdırır. Lakin bu plan büdcə üst-üstə düşmələri və xərclərin çoxalması ilə üzləşir, həmçinin tənqidçilər artilleriya və sursatlara sərf olunan xərcləri federal maliyyə məhdudiyyətləri şəraitində şübhə ilə qarşılayırlar.

Suessli bildirib ki, Ukrayna müharibəsi və Rusiyanın Avropanı sabitlikdən çıxarmaq cəhdlərinə baxmayaraq, İsveçrə xalqının ordusuna baxışı dəyişməyib. Onun fikrincə, bu, İsveçrənin münaqişədən uzaq olması, son zamanlarda müharibə təcrübəsinin olmaması və neytrallıq anlayışının qorunmağa yetəcəyinə dair yalnış inanc ilə əlaqədardır.

“Tarixi baxımdan bu doğru deyil. Bir neçə neytral ölkə silahsız qaldığı üçün müharibəyə cəlb olunub. Neytrallığın dəyəri yalnız silahlarla müdafiə oluna bildikdə var,” – deyə Suessli vurğulayıb.

İsveçrə planlaşdırır ki, müdafiə xərclərini tədricən ÜDM-in təxminən 1%-i səviyyəsinə qədər yüksəltsin (hazırda təxminən 0,7%) – bu, NATO ölkələrinin qəbul etdiyi 5% səviyyəsindən çox aşağıdır. Bu templə İsveçrə ordusu təxminən 2050-ci ilə qədər tam hazır olacaq, Suessli isə bunu təhdid nəzərə alınaraq çox uzun müddət hesab edir.