İtaliyanın Baş naziri Ciorcia Meloni sosial şəbəkələrdə süni intellekt vasitəsilə yaradılmış saxta fotolarının yayılmasına münasibət bildirib. O, bu görüntülərin bəzi siyasi opponentlər tərəfindən real foto kimi təqdim edildiyini deyərək, hadisəni yalnız şəxsinə qarşı hücum kimi deyil, ümumilikdə dipfeyk texnologiyalarının yaratdığı təhlükə kimi qiymətləndirib.
MSNews.az “Reuters”-ə istinadən xəbər verir.

Meloni paylaşımında saxta görüntülərin onu hədəfə almaq üçün istifadə olunduğunu bildirib və ironik şəkildə qeyd edib ki, həmin görüntüləri hazırlayan şəxs “onu bir qədər gözəlləşdirib”. Lakin Baş nazir vurğulayıb ki, əsas məsələ görüntünün özü deyil, süni intellektlə yaradılan saxta materialların insanları aldatmaq, manipulyasiya etmək və reputasiyaya zərbə vurmaq üçün istifadə oluna bilməsidir.
İtaliya hökumət başçısı bildirib ki, o, özünü müdafiə edə bilər, lakin eyni vəziyyətlə üzləşən bir çox insanın belə imkanı olmaya bilər. Meloni sosial şəbəkə istifadəçilərini yayılan məlumat və görüntülərə dərhal inanmamağa, paylaşmazdan əvvəl onların doğruluğunu yoxlamağa çağırıb.
Hadisə İtaliyada süni intellektin sui-istifadəsi və dipfeyk texnologiyaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Meloni daha əvvəl də onun görüntüsündən istifadə edilərək hazırlanmış saxta materiallarla bağlı hüquqi proseslərdə iştirak edib və bu tip halları qadınlara qarşı rəqəmsal zorakılıq forması kimi qiymətləndirib.