İsrailin “saxta analitik mərkəz” yaratdığı üzə çıxıb

“The Guardian”ın araşdırmasına görə, İsrail hökumətinin maliyyələşdirdiyi kampaniya çərçivəsində ABŞ analitik mərkəzi görüntüsü yaradan Hanover İnstitutu yaradılıb və generativ süni intellekt sistemlərinin cavablarına təsir göstərə biləcək yüzlərlə material dərc edilib.

70

İsrail hökumətinin maliyyələşdirdiyi kommunikasiya kampaniyası çərçivəsində ABŞ-da müstəqil analitik mərkəz təsiri bağışlayan sayt yaradıldığı və onun məzmununun süni intellekt çat-botlarının cavablarına təsir göstərəcək şəkildə optimallaşdırıldığı müəyyən edilib.

MSNews.az xəbər verir ki, “The Guardian” tərəfindən aparılan araşdırmaya əsasən, Hanover Institute for Public Policy” adlı sayt hüquqi şəxs kimi qeydiyyatdan keçmiş real analitik mərkəzə uyğun izlər daşımır: onun fiziki ünvanı, əməkdaşları və dərc olunan hesabatlarda müəllif adları göstərilmir. Bununla belə, sayt öz materiallarını akademik araşdırma formatında təqdim edib.

“The Guardian”ın hesablamasına görə, Hanover İnstitutu avqustun 6-dan 14-dək cəmi 9 gün ərzində 124 hesabat və 560 mindən çox söz dərc edib. Məqalələrin böyük əksəriyyətinin başlığı istifadəçinin çat-bota verə biləcəyi sual formasında hazırlanıb. Materiallarda Qəzzada soyqırımı iddiaları, İsrailin hərbi cinayətlərdə ittiham edilməsi, aclıq siyasəti və fələstinli məhbuslarla rəftar kimi mövzular işlənib.

Qəzetin təhlilinə görə, mətnlər xarici görünüşcə neytral və akademik üslubda yazılsa da, İsrailə yönələn tənqidləri yumşaldan hüquqi və statistik çərçivələrə tez-tez üstünlük verilib. Məsələn, insan haqları təşkilatlarının soyqırımı və aparteidlə bağlı mövqeləri təqdim edilərkən məhkəmənin bu barədə yekun hökm çıxarmadığı xüsusi vurğulanıb.

Layihənin süni intellekt sistemlərinə uyğunlaşdırılması ilə bağlı texniki əlamətlər də aşkarlanıb. “The Guardian” bildirir ki, sayt əvvəlcə “ChatGPT”, “Claude”, “Gemini” və “Perplexity” kimi sistemlərin internet məzmununu emal etməsini asanlaşdıran xüsusi llms.txt faylından istifadə edib. Fayl süni intellekt sistemlərində mənbələrin görünürlüğünü artırmaq üzrə xidmətlər göstərən “Res” platforması ilə əlaqəli olub. Piro Inc. isə öz xidmətlərini böyük dil modellərinin mənbələrin etibarlılığını necə qiymətləndirdiyinə uyğun məzmun hazırlamaq kimi təqdim edir.

“Responsible Statecraft” da Hanover Institutun materiallarının çat-botlara uyğun qurulduğunu yazıb. Nəşrin araşdırdığı məqalələrin müəllifləri göstərilməyib, mətnlər isə statistika, istinadlar və neytral görünən sual-cavab strukturu ilə hazırlanıb.

Layihənin İsrail hökuməti ilə maliyyə əlaqəsi ABŞ Ədliyyə Nazirliyinin Xarici Agentlərin Qeydiyyatı Aktı — FARA çərçivəsində təqdim edilmiş sənədlərlə də təsdiqlənir. Sənədlərdə Piro Inc. şirkətinin “Havas Media Germany GmbH” vasitəsilə İsrail Hökumətinin Reklam Agentliyi — LaPam adından fəaliyyət göstərdiyi qeyd olunur. Şirkət ABŞ ictimaiyyətinə təsir edə biləcək kommunikasiya fəaliyyəti həyata keçirəcəyini də bəyan edib.

“The Guardian”ın məlumatına görə, Piro Inc.-in sözügedən kampaniya üzrə iki müqaviləsinin ümumi dəyəri 1 milyon dollardır. Hanover Institute isə İsrail hökumətinin ABŞ ictimai rəyinə və generativ süni intellekt sistemlərinin informasiya mühitinə təsir göstərməyə yönəlmiş daha geniş kommunikasiya fəaliyyətinin bir hissəsi kimi təqdim olunur.

İsrail Xarici İşlər Nazirliyi daha əvvəl ölkənin ABŞ-da “təsir əməliyyatları” aparmadığını və Amerika qanunvericiliyinə əməl etdiyini bildirib. Piro Inc.-in həmtəsisçisi Daniel Rosenberg isə şirkətin məqsədinin İsraillə bağlı “dəqiq və mənbələrlə təsdiqlənmiş məlumatları” ictimai dövriyyəyə daxil etmək və dezinformasiyaya qarşı mübarizə aparmaq olduğunu deyib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.