İsrail Böyük Britaniya ilə Qərb sahilindəki İsrail yaşayış məntəqələri ətrafında yaranmış diplomatik gərginlik fonunda britaniyalı nümayəndələri Qəzza üzrə ABŞ rəhbərliyində fəaliyyət göstərən beynəlxalq koordinasiya mərkəzindən uzaqlaşdırmağı nəzərdən keçirir.
MSNews.az xəbər verir ki, “Financial Times” məsələ ilə tanış mənbələrə istinadən İsrail hökumətində Britaniyanın Beynəlxalq Qəzza Dəstək Mərkəzindəki nümayəndələrinin fəaliyyətinə son verilməsi variantının müzakirə olunduğunu yazıb. Nəşrin ilkin məlumatında Almaniya və İtaliya nümayəndələrinin də potensial tədbirlər çərçivəsində müzakirə edildiyi bildirilirdi.
Lakin daha sonra İsrail rəsmiləri Almaniya və İtaliya ilə bağlı məlumatı təkzib ediblər. “The Times of Israel” iki israilli rəsmiyə istinadən Berlin və Romanın nümayəndələrinin mərkəzdən çıxarılmasının nəzərdən keçirilmədiyini, əsas müzakirənin Britaniya ilə bağlı olduğunu bildirib. İsrail mənbələri Londona qarşı daha sərt cavab tədbirlərinin də mümkün olduğunu qeyd ediblər.
Gərginliyin əsas səbəblərindən biri İsrailin Qərb sahilindəki E1 yaşayış məntəqəsi layihəsidir. Böyük Britaniya, Almaniya, İtaliya və bir sıra digər ölkələr avqustun 20-də birgə bəyanatla layihənin iki dövlətli həll perspektivinə ciddi zərbə vuracağını bildirərək İsrail hökumətini planlardan geri çəkilməyə çağırıblar. Böyük Britaniya hökuməti İsrail yaşayış məntəqələrinin beynəlxalq hüquqa zidd olduğunu bildirir və E1 layihəsinə qarşı əlavə tədbirlərin hazırlanacağını açıqlayıb.
İsrail daha əvvəl oxşar addımı Niderlanda qarşı atıb. Haaqa hökumətinin İsrailin işğal olunmuş Fələstin ərazilərindəki yaşayış məntəqələrindən gələn malların idxalı, alışı və satışına 22 sentyabrdan qadağa tətbiq etmək qərarından sonra Niderland nümayəndələrinin Qəzza koordinasiya mərkəzindən çıxarılması tələb olunub. Niderland hökumətinin rəsmi məlumatında bu ticarət məhdudiyyətinin iyulda qəbul edildiyi təsdiqlənir.
İspaniya nümayəndələrinin mərkəzə çıxışı isə hələ apreldə dayandırılıb. “EFE” bildirir ki, İsrailin xarici işlər naziri Gideon Saar qərarı Madrid hökumətinin “İsrail əleyhinə qərəzi” ilə əsaslandırıb. ABŞ administrasiyasının qərar barədə əvvəlcədən məlumatlandırıldığı qeyd olunub.
Sözügedən struktur ABŞ Mərkəzi Komandanlığı — CENTCOM tərəfindən 2025-ci il oktyabrın 17-də İsrailin Kiryat-Qat şəhərində Civil-Military Coordination Center (CMCC) adı ilə yaradılıb. Rəsmi məlumata görə, mərkəz Qəzzaya humanitar, logistika və təhlükəsizlik yardımının koordinasiyasına, həmçinin müharibədən sonrakı sabitləşdirmə prosesinə dəstək verir. Sonradan onun fəaliyyətinə təxminən 50 ölkə və beynəlxalq təşkilatın nümayəndələri qoşulub.
London mümkün çıxarılmaya artıq münasibət bildirib. Britaniya hökumətinin sözçüsü nümayəndələrinin mərkəzdən uzaqlaşdırılmasının Qəzzadakı vəziyyətin yaxşılaşdırılması və sülh planının həyata keçirilməsi üzrə ümumi səylərə “zərbə vuracağını” bildirib. “The Times of Israel” yazır ki, Britaniya mərkəzdə ABŞ-nin dəvəti əsasında iştirak etdiyini vurğulayır.