İspaniyanın DÇ mükafatı ABŞ-da 30 faizlik vergi riski ilə üzləşib

İspaniyanın 2026-cı il dünya çempionatında qazandığı 51 milyon dollarlıq mükafatın bir hissəsi ABŞ vergilərinə cəlb oluna bilər. Lakin 15 milyon dolların artıq tələb edilməsi barədə yekun qərar yoxdur.

6

2026-cı il dünya çempionatının qalibi olan İspaniya millisinin qazandığı mükafatın bir hissəsinin ABŞ-da vergiyə cəlb oluna biləcəyi bildirilir.

MSNews.az xəbər verir ki, “Fox News” İspaniya Futbol Federasiyasına ödəniləcək mükafatın ABŞ-da 30 faizə qədər ilkin vergi tutulması ilə üzləşə biləcəyini yazıb. Bununla belə, ABŞ-ın artıq İspaniyadan 15 milyon dollardan çox vəsait tələb etməsi barədə yekun rəsmi qərar açıqlanmayıb.

FIFA-nın açıqladığı mükafat sisteminə əsasən, dünya çempionu olan İspaniya Futbol Federasiyası 51 milyon dollar alacaq. Mükafat futbolçulara birbaşa deyil, milli federasiyaya ödənilir və vəsaitin sonrakı bölgüsünü federasiya özü müəyyənləşdirir.

Məsələnin yaranmasına səbəb ABŞ-ın turnirdə iştirak edən milli federasiyalar üçün ümumi və avtomatik vergi azadolması tətbiq etməməsidir. Kanada və Meksika belə güzəştlər versə də, ABŞ-da oynanılan matçlardan və həmin ölkə ərazisində əldə olunan gəlirlərdən federal, ştat və bəzi hallarda yerli vergilər tutula bilər.

Bu barədə “ACCA Accounting and Business” məlumat yayıb.

Vergi mütəxəssislərinin hesablamalarına görə, milli federasiyalar ABŞ-da yaranan gəlir üzrə 21 faizlik korporativ vergi öhdəliyi ilə üzləşə bilər. Futbolçuların, məşqçilərin və digər heyət üzvlərinin şəxsi mükafatları isə ayrıca qaydalarla vergiyə cəlb oluna bilər. Qeyri-rezidentlər üçün bəzi ödənişlərdən 30 faizə qədər ilkin vergi tutulması mümkün olsa da, yekun məbləğ vergi müqavilələri, güzəştlər, gəlirin bölüşdürülməsi və matçların keçirildiyi ştatlardan asılıdır.

İspaniya ilə ABŞ arasında ikiqat vergitutmanın qarşısını alan müqavilə mövcuddur. Buna görə ilkin olaraq tutulan vəsaitlə İspaniyanın yekunda ödəyəcəyi real vergi məbləği eyni olmaya bilər. Nyu-Cersi kimi ştatlar isə beynəlxalq vergi müqavilələrini öz gəlir vergilərinə avtomatik tətbiq etmədiyindən əlavə öhdəliklər yarana bilər.