MSNews.az xəbər verir ki, siyasi araşdırmaçı Pərviz Əliyev İranın İsraillə qarşıdurmada davranışını şərh edərkən Tehranın qısamüddətli gərginlik deyil, daha uzunmüddətli müharibə ssenarisinə hazırlaşdığını bildirib.
Pərviz Əliyevin sözlərinə görə, məsələ yalnız Livan və ya İsrailin bölgədəki hərbi əməliyyatları ilə məhdudlaşmır. Onun fikrincə, İran daxilində əsas qərarverici güc mərkəzlərindən biri olan İslam İnqilabı Keşikçiləri Korpusu — SEPAH qarşıdurmanı idarə olunan, lakin bitməyən müharibə məntiqinə doğru aparır.
Araşdırmaçı hesab edir ki, İsrailə endirilən zərbələr İran rəhbərliyinin nəticələrini anlamadan atdığı addımlar deyil. Əksinə, bu, mümkün cavab zərbələri, infrastruktur itkiləri və müharibənin uzanması riskləri nəzərə alınaraq edilən qəsdən eskalasiya kimi görünür.
“İranda hərbi və texniki zəiflik hamıya aydındır. Onlar müharibəni klassik hərbi güc üstünlüyü ilə qazana bilməzlər. Amma İran-İraq müharibəsində olduğu kimi, əsas mesaj budur: biz sizdən zəif ola bilərik, amma sizin hazır olmadığınız itkilərə dözməyə hazırıq”, — deyə Pərviz Əliyev bildirib.
Onun sözlərinə görə, İranın siyasi-hərbi sistemində “şəhidlik” və “müqəddəs müdafiə” anlayışları sadəcə ritorik element deyil, qərar qəbuletmə mexanizminə təsir edən ideoloji çərçivədir. Bu səbəbdən İİKK üçün müharibənin uzanması yalnız xarici siyasət məsələsi deyil, həm də daxili legitimlik amilidir.
Pərviz Əliyev qeyd edib ki, qarşıdurma davam etdikcə İİKK İran daxilində əsas təhlükəsizlik və siyasi güc mərkəzi kimi mövqeyini qoruyur. Bu isə Tehranın daha çevik diplomatik manevr imkanlarını məhdudlaşdırır və regionu davamlı gərginlik xəttinə sürükləyir.
Araşdırmaçının fikrincə, İran elitasının hamısı bu yanaşmanı bölüşməyə bilər. Lakin hazırkı mərhələdə qərar qəbul edən əsas dairələr ölkəni və bütövlükdə regionu məhz uzunmüddətli qarşıdurmaya hazırlayır. Bu isə Yaxın Şərqdə müharibənin nəzarətdən çıxması riskini daha da artırır.