Ukrayna Prezidenti Volodimir Zelenski hərbi kəşfiyyat şefi Kirill Budanovu Prezident Ofisinin rəhbəri vəzifəsinə təyin edib. Bu qərar yalnız daxili siyasət baxımından deyil, eyni zamanda beynəlxalq əlaqələr, xüsusilə ABŞ ilə münasibətlər kontekstində də mühüm əhəmiyyət kəsb edir.
Siyasi ekspert Kamran Cəfərov məsələyə münasibət bildirərək qeyd edir:
“Budanov sadəcə hərbi kəşfiyyatçı deyil, həm də ABŞ ilə xüsusi əlaqələrə malik bir fiqurdur. Onun təyinatı Ukrayna siyasətində ciddi dönüş nöqtəsidir.”
Budanov uzun illər Ukrayna hərbi kəşfiyyatının əsas fiqurlarından olub. “The New York Times”-ın məlumatına görə, o, Ukraynanın şərqində yaralandıqdan sonra “Walter Reed National Military Medical Center”-də müalicə alıb – bu, sıravi hərbçi üçün mümkün deyil və yalnız ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirilə biləcək istisna haldır.
K.Cəfərov vurğulayır ki, “Budanovun ABŞ ilə bu səviyyədə əlaqəsi və etimadı çox az insana nəsib olur. Bu, onu diplomatik müstəvidə açar fiqur kimi göstərir.”
Mütəxəssis qeyd edir ki, Budanov uzun illər MKİ və digər ABŞ güc strukturları ilə əməkdaşlıq edib və müharibədən xeyli əvvəl ABŞ kəşfiyyatı proqramlarında təlim keçib. Vaşinqton onu etibarlı tərəfdaş və “eyni dildə danışa bilən” kəşfiyyatçı kimi qəbul edir.
K.Cəfərov əlavə edir:
“Əgər müharibənin nəticəsi yenidən danışıqlar masasına çıxarsa, Budanovun qeyri-rəsmi kanalları həlledici rol oynaya bilər. Onun ABŞ ilə uzunmüddətli əlaqələri diplomatik baxımdan strateji üstünlükdür.”
Kirill Budanov bir kəşfiyyatçı üçün lazım olandan daha çox medialı fiqur olub və prezident reytinqlərinə də daxil edilirdi, bu isə onun böyük siyasi karyeraya iddialı olduğunu göstərirdi.
K.Cəfərov izah edir:
“O, indi Zelenskinin birbaşa nəzarəti altında olacaq. Mediada və seçki reytinqlərində özünü ön plana çıxarmaq imkanı azalacaq. Bu, daxili siyasətdə balansın qorunması üçün vacib addımdır.”
Qeyd edək ki, Kirill Budanovu QUR rəhbəri postunda Oleq İvaşçenko əvəz edəcək. İvaşçenko hazırda Xarici Kəşfiyyat Xidmətinin rəhbəridir və əvvəllər QUR rəisinin birinci müavini olub. Bu dəyişiklik Ukrayna kəşfiyyat sistemində struktur və strategiya baxımından yenilənməyə işarə edir.
K.Cəfərov yekun olaraq bildirir:
“Zelenski Budanovu Prezident Ofisinə gətirməklə həm ABŞ-la əlaqələri möhkəmləndirdi, həm də daxili siyasətdə riskləri azaltdı. Bu addım diplomatik və hərbi strategiyanın vacib hissəsidir.”