İran TRIPP infrastrukturunu vurmaqla hədələyib?

İranın ABŞ hərbçiləri Ermənistan–İran sərhədinə yerləşdirilərsə TRIPP infrastrukturunu vuracağı barədə rəsmi açıqlaması müəyyən edilməyib. Tehran layihə ilə bağlı təhlükəsizlik narahatlığını bildirib.

19

Sosial şəbəkələrdə İranın Ermənistana TRIPP layihəsi ilə bağlı hərbi xəbərdarlıq etdiyi barədə məlumat yayılıb. İddiaya görə, ABŞ hərbçilərinin layihə çərçivəsində İran sərhədi yaxınlığında yerləşdirilməsi halında Tehran TRIPP infrastrukturunu hədəfə alacaq.

MSNews.az-ın apardığı araşdırma göstərir ki, İranın bu məzmunda rəsmi ultimatum verdiyini təsdiqləyən açıqlama, diplomatik nota və ya adı açıqlanmış dövlət rəsmisinin bəyanatı hazırda mövcud deyil.

İranın Ermənistandakı səfiri Xəlil Şirqolami iyulun 8-də keçirilən mətbuat konfransında Tehranın ABŞ-nin İran sərhədi yaxınlığındakı mümkün iştirakından narahat olduğunu bildirib.

Səfirin sözlərinə görə, Ermənistan hökuməti TRIPP layihəsinin və ABŞ-nin iştirakı nəticəsində İran üçün təhlükə yaranmayacağına dair təminat verib.

“ABŞ-ın sərhədlərimiz yaxınlığında birbaşa iştirakından doğan legitim narahatlıq məntiqlidir. Ermənistan hökuməti bu layihə nəticəsində ABŞ-nin iştirakının İran üçün heç bir təhlükə və ya çağırış yaratmayacağına təminat verib”, – Şirqolami bildirib.

O, eyni zamanda layihə ilə bağlı potensial təhlükələrin idarə edilməsi üçün Ermənistanla İran arasında xüsusi mexanizmin yaradılmasının vacibliyini vurğulayıb. Səfirin açıqlamasında TRIPP infrastrukturunun vurulması barədə təhdid yer almayıb.

İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti 2025-ci ilin dekabrında TRIPP layihəsinin gələcəkdə ABŞ və ya NATO-nun İran sərhədi yaxınlığında hərbi iştirakına şərait yarada biləcəyini söyləmişdi.

Vilayəti ABŞ-ın iqtisadi layihələrlə regiona daxil olaraq sonradan hərbi və təhlükəsizlik fəaliyyətini genişləndirdiyini iddia etmiş, mümkün Amerika iştirakının İran üçün “aydın təhlükəsizlik nəticələri” doğuracağını bildirmişdi. Lakin o da layihə obyektlərinə zərbə endiriləcəyini açıq şəkildə deməyib.

Ermənistan rəsmiləri isə TRIPP-nin ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası daxilində həyata keçirilən iqtisadi-investisiya layihəsi olduğunu bildirirlər.

ABŞ və Ermənistan arasında imzalanmış TRIPP sənədlərində layihə ərazisinə Amerika hərbi qüvvələrinin yerləşdirilməsi barədə müddəa yoxdur.

Ermənistan–ABŞ çərçivə sazişinə əsasən, layihənin Ermənistan ərazisində təhlükəsizliyinə və fövqəladə vəziyyətlərə görə əsas səlahiyyət Ermənistan dövlət orqanlarında qalır. İnfrastrukturun mühafizə planları Ermənistan tərəfindən təsdiqlənməli, özəl təhlükəsizlik əməkdaşları işə cəlb edilərsə, onlar Ermənistan qanunvericiliyinə uyğun lisenziya almalıdırlar.

Baş nazir Nikol Paşinyan da TRIPP-ni ABŞ-ın rəhbərlik etdiyi investisiya proqramı kimi təqdim edib. Onun sözlərinə görə, sərhəd, gömrük və təhlükəsizlik prosedurları Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçiriləcək.

Layihənin məqsədi Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında multimodal nəqliyyat əlaqəsinin yaradılması, eyni zamanda Ermənistanın regional və beynəlxalq tranzit imkanlarının genişləndirilməsidir.

İran ordusunun nümayəndəsi iyulun 16-da ABŞ İranın mülki və strateji infrastrukturuna hücumları genişləndirərsə, Tehranın regiondakı ABŞ-la əlaqəli infrastrukturu hədəfə ala biləcəyini bildirmişdi.

TRIPP barədə yayılan xəbər, ehtimal ki, İranın bu ümumi regional xəbərdarlığının Tehranı narahat edən Ermənistan layihəsi ilə birləşdirilməsi nəticəsində yaranıb. Bu, mənbələrə əsaslanan ehtimaldır; İran rəsmiləri həmin bəyanatda Ermənistanı və ya TRIPP-ni ayrıca hədəf kimi göstərməyiblər.