Hörmüzdə Sinqapur bayraqlı gəmi vuruldu

Sinqapur bayrağı altında üzən “Ever Lovely” yük gəmisi Oman yaxınlığında zərbəyə məruz qalıb. ABŞ rəsmiləri hadisəyə görə İranı məsul göstərir, ekipaj arasında xəsarət alan yoxdur.

12

Sinqapur bayrağı altında üzən “Ever Lovely” yük gəmisi Hörmüz boğazı marşrutu üzrə hərəkət edərkən Oman yaxınlığında zərbəyə məruz qalıb.

MSNews.az xəbər verir ki, “Reuters”ə danışan iki amerikalı rəsmi hadisəyə görə İranı məsul göstərib. Rəsmilər gəminin Hörmüz boğazından keçməyə çalışdığı vaxt atəşə tutulduğunu bildiriblər.

Britaniya Hərbi Dəniz Qüvvələrinə bağlı UKMTO-nun məlumatına görə, gəmi Omanın Dahit limanından təxminən 7,5 dəniz mili cənub-şərqdə sağ bort tərəfdən naməlum mərmi ilə vurulduğunu bildirib. Hadisə nəticəsində xəsarət alan olmadığı qeyd olunur.

The Wall Street Journal” iki yüksəkvəzifəli amerikalı rəsmiyə istinadən yazıb ki, hücumun arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusu — SEPAH dayanır. “Iran International” həmin məlumata istinadən bildirir ki, zərbə gəminin körpü hissəsinə ziyan vurub, lakin itki qeydə alınmayıb.

Gəminin operatoru olan Tayvanın “Evergreen Marine” şirkəti isə açıqlamasında “Ever Lovely”nin Oman sahilləri yaxınlığında “naməlum obyekt”lə vurulduğunu bildirib. Şirkətin məlumatına görə, ilkin yoxlamadan sonra gəminin körpü pəncərələri ətrafında zədələr aşkarlanıb, lakin ekipaj, gəmi və yük təhlükəsiz vəziyyətdədir. Gəminin əsas mühərriki və naviqasiya sistemləri normal işləyir və o, Hörmüz boğazını təhlükəsiz şəkildə tərk edib.

Reuters” yazır ki, hadisədən sonra BMT-nin Beynəlxalq Dəniz Təşkilatı Hörmüz boğazından gəmilərin müşayiəti üzrə təşəbbüsünü müvəqqəti dayandırıb. IMO-nun Baş katibi Arsenio Dominges bildirib ki, qərar təhlükəsizlik təminatlarının yenidən yoxlanılması üçün qəbul edilib.

Hadisə Hörmüz boğazı ətrafında gərginliyin yenidən artdığı bir vaxtda baş verib. “Reuters”in məlumatına görə, İran tərəfi özünün müəyyənləşdirmədiyi marşrutlardan istifadə edən gəmilərin təhlükəsizliyinə zəmanət verməyəcəyini bildirib. SEPAH da yalnız İranın təyin etdiyi marşrutlarla təhlükəsiz keçidin mümkün olduğunu bəyan edib.

Hörmüz boğazı qlobal enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır. “Reuters” qeyd edir ki, münaqişədən əvvəl bu su yolu gündəlik dünya neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdəbirini təmin edirdi. Buna görə insident beynəlxalq gəmiçilik, enerji bazarları və regionda təhlükəsizliklə bağlı narahatlıqları yenidən artırıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930