Argentina millisi DÇ-2026-nın qrup mərhələsinin son turunda İordaniyanı 3:1 hesabı ilə məğlub edib.
MSNews.az xəbər verir ki, qarşılaşma ABŞ-ın Dallas şəhərindəki “Dallas Stadium”da keçirilib. Bu qələbə Argentinanın “J” qrupunda ardıcıl üçüncü uğuru olub və komanda pley-off mərhələsinə maksimum nəticə ilə yüksəlib.
Oyunda hesabı 19-cu dəqiqədə Covani Lo Çelso açıb. 31-ci dəqiqədə Lautaro Martines penaltidən fərqlənərək Argentina millisinin üstünlüyünü artırıb. İordaniya 55-ci dəqiqədə Musa Əl-Tamari ilə fərqi azaltsa da, Lionel Messi 80-ci dəqiqədə cərimə zərbəsindən qol vuraraq yekun hesabı müəyyənləşdirib.
Argentina baş məşqçisi Lionel Skaloni əsas heyətdə ciddi rotasiyaya gedib və əvvəlki oyuna nisbətən start heyətində 9 dəyişiklik edib. Buna baxmayaraq, son dünya çempionu görüşə nəzarəti əlində saxlayaraq qrup mərhələsini itkisiz tamamlayıb.
Matç Lionel Messi üçün tarixi göstərici ilə də yadda qalıb. Argentinalı futbolçu ardıcıl 7 Dünya Kuboku matçında qol vuran ilk oyunçu olub. Messi bu nəticə ilə Jüst Fonten və Jairzinyonun ardıcıl 6 oyunluq göstəricisini geridə qoyub.
İordaniya millisi turnirdə debüt etsə də, qrup mərhələsində mübarizəni dayandırıb. Komanda Argentina qarşısında məğlub olsa da, ikinci hissədə Musa Əl-Tamarinin qolu ilə yadda qalıb.
Argentina isə 1/32 final mərhələsində Kabo-Verde ilə qarşılaşacaq. Növbəti oyun Mayamidə keçiriləcək.