Vozinyanın anası DÇ-2026 matçına gedə biləcək

ABŞ Nümayəndələr Palatasında Demokratların lideri Hakim Ceffris Kabo-Verde millisinin qapıçısı Vozinyanın anasının DÇ-2026 oyununa qatılması üçün dövlət katibi Marko Rubioya müraciət edib.

7

Kabo-Verde millisinin qapıçısı Vozinyanın anası DÇ-2026-da oğlunun növbəti oyununu stadiondan izləyə biləcək.

MSNews.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasında Demokratların lideri Hakim Ceffris Kabo-Verde millisinin qapıçısı Jozimar “Vozinha” Diaşın anasının ABŞ-a səfəri üçün dövlət katibi Marko Rubio və Dövlət Departamentinə müraciət etdiyini açıqlayıb.

Ceffris bildirib ki, Vozinyanın anası Ana Kandida Evora viza ilə bağlı çətinliklər səbəbindən Kabo-Verdenin DÇ-2026-dakı tarixi debüt matçını stadiondan izləyə bilməyib. Onun sözlərinə görə, “heç bir ana övladının tarix yazmasını görmək şansını itirməməlidir”.

“Reuters” agentliyinin məlumatına görə, 40 yaşlı Vozinya İspaniya ilə 0:0 hesablı heç-heçədə parlaq oyunu ilə diqqət çəkib. Kabo-Verde Dünya Kubokunda ilk oyununda turnirin favoritlərindən sayılan İspaniyadan xal almağı bacarıb.

“The Guardian” yazır ki, Ana Kandida Evora əvvəlcə ABŞ vizası ilə bağlı yüksək xərclər və prosedurlar səbəbindən səfər edə bilməyib. Məlumata görə, Kabo-Verde ABŞ-ın bəzi ölkələr üçün tətbiq etdiyi 15 min dollara qədər viza zəmanəti siyahısında yer alırdı. Sonradan bu tələb Dünya Kuboku bileti olan azarkeşlər üçün ləğv edilsə də, proses Vozinyanın anasının ilk oyuna getməsi üçün gec olub.

Ceffrisin açıqlamasına əsasən, hazırda bütün rüsumlar rəsmi qaydalara uyğun olaraq ləğv edilib və Vozinyanın anasının Mayamidə keçiriləcək Kabo-Verde – Uruqvay oyununa çatdırılması üçün hazırlıq görülür.