150 pilotun qatıldığı paraqlaydinq turniri Qazaxıstanda keçirilib

Sosial şəbəkələrdə 150 pilotun və 33 ölkənin iştirakı ilə paraqlayding turnirinin İtaliyada başladığı bildirilir. Araşdırma göstərir ki, bu məlumatlar iyunda Qazaxıstanda keçirilən Dünya Kubokuna aiddir.

38

İtaliyada 150 pilotun və 33 ölkənin iştirakı ilə paraqlaydinq üzrə “dünya çempionatı”nın başladığı barədə yayılan məlumat mövcud rəsmi yarış təqvimi ilə uyğun gəlmir.

MSNews.az-ın araşdırmasına görə, sözügedən 150 pilot və 33 ölkə göstəriciləri İtaliyaya deyil, 2026-cı ilin iyununda Qazaxıstanın Jetisu bölgəsində keçirilmiş “Paragliding World Cup” mərhələsinə aiddir. “Euronews” həmin turnirin Mərkəzi Asiyada keçirilən ilk Paraqlaydinq Dünya Kuboku olduğunu və təxminən 150 pilotun 33 ölkəni təmsil etdiyini bildirib.

Qazaxıstanın “24KZ” telekanalının məlumatına görə, iştirakçılara hava şəraitindən asılı olaraq 25 kilometrdən 100 kilometrədək marşrutlar verilib. Pilotların məqsədi müəyyən edilmiş marşrutu mümkün qədər tez tamamlayaraq finiş nöqtəsinə çatmaq olub.

İtaliyada isə 2026-cı ilin Paraqlaydinq Dünya Kuboku mərhələsi 25 iyul–1 avqust tarixlərində Gemona del Friulidə keçirilib və artıq başa çatıb. Gemona şəhərinin rəsmi turizm portalına əsasən, yarışda təxminən 125 yüksək səviyyəli pilot iştirak edib. Beynəlxalq Aviasiya Federasiyasının (FAI) təqvimi də İtaliya mərhələsinin həmin tarixlərdə keçirildiyini təsdiqləyir.

İtaliya mərhələsində altı etibarlı yarış tapşırığı keçirilib. Yarışın yekununda kişilər arasında Baptiste Lambert, qadınlar arasında isə Aleksiya Fişer qalib olub. Bu barədə paraqlayder istehsalçısı “Ozone Paragliders” məlumat yayıb.